Azərbaycan WUF13-ün keçirilməsi ilə bağlı logistika sazişi imzalayıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Cenevrə şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə WUF13-ün feysbuk hesabında paylaşım edilib.
Bu sənədin imzalanması 17-22 may 2026-cı il tarixlərində Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən Saziş 2023-cü ilin dekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.
BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində şəhərsalmanın inkişafı sahəsində birgə layihələr həyata keçirilir. Bu əməkdaşlığa Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də 2023-cü ildə Bakıda Ümumdünya Məskunlaşma Günü münasibətilə keçirilmiş tədbirlər daxildir.
Azərbaycan insanmərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı, həmçinin “Hər kəs üçün münasib mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi ilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına töhfə verir.
UN-Habitat ilə tərəfdaşlıq dayanıqlı, inklüziv və insanyönümlü şəhərlərin təşviqinə xidmət edir.