Menyu

Koxalski: Stadionda şok yaşamamaq üçün ÇL-nin himnini tez-tez dinləyirdim

Operativ Media
Koxalski: Stadionda şok yaşamamaq üçün ÇL-nin himnini tez-tez dinləyirdim

Azərbaycanın “Qarabağ” klubunun qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibə verib.

Operativ Media xəbər verir ki, o, Çempionlar Liqasındakı debütündən əvvəl turnirin himnini tez-tez dinlədiyini etiraf edib:

“Dəqiq desəm, debütə bir neçə gün qalmış hər gün onu tez-tez səsləndirirdim. Stadionda eşidəndə şok yaşamamaq üçün bu melodiyaya alışmaq istəyirdim. Çempionlar Liqasının himnində həmişə xüsusi, ucaldıcı bir ab-hava olub. Uşaqlıqdan bu musiqini xatırlayıram və hər dəfə məndə böyük təəssürat yaradıb”.

Karyerasının sürətli inkişafı barədə danışan qolkiper bununla artıq barışdığını bildirib:

“Bəli, hər şey sürətlə baş verir, axı Çempionlar Liqasında oynayıram. Amma hələ reallaşmamış çox arzularım var: Polşa millisində debüt etmək, İngiltərə Premyer Liqasında və Avropanın top-klublarından birində çıxış etmək. Mövcud temp məni qane edir və belə də davam etməsini istəyirəm”.

Koxalski Avropanın nəhəng klublarına qarşı keçirdiyi oyunlarda psixoloji təzyiq hiss etmədiyini vurğulayıb:

“Mən oyunlara həddindən artıq fokuslanmıram, çünki nəyə qadir olduğumu bilirəm. Meydanda bacarmadığım nəyisə sübut etməyə çalışmıram. Sadəcə üzərimə düşən işi görürəm. Bu da stressi azaldır”.

Rəqibin kim olmasının onun üçün xüsusi əhəmiyyət daşımadığını deyən qapıçı əlavə edib ki, hətta “Çelsi”yə qarşı matçdan sonra heyətin böyük hissəsini sadalaya bilməzdi:

“Hər oyuna eyni yanaşma ilə çıxmağa çalışıram”.

“Napoli” ilə oyundan sonra Azərbaycan mediasında onun haqqında “Bu, insan deyil!” başlığının yazılmasına münasibət bildirən Koxalski bunu Çempionlar Liqasındakı ən sevdiyi matç adlandırıb:

“0:2 hesabı ilə uduzsaq da, fərdi baxımdan yaxşı çıxış etdim. Penalti dəf etdim, bir neçə uğurlu seyv etdim. Amma açığı, qələbə qazanıb haqqımda heç nə yazılmamasını daha üstün tutardım”.

Ekstraklasada 2023/24 mövsümünün ən yaxşı qapıçısı seçildikdən sonra Azərbaycana transferi ilə bağlı sualı cavablandıran futbolçu başqa real təklif almadığını bildirib:

“Belçika və ya Niderlanddan təklif gözləyirdim, amma fakt budur ki, ‘Qarabağ’dan başqa variantım yox idi. Bu gün deyə bilərəm ki, idman baxımından çox düzgün qərar vermişəm”.

“Qarabağ”ın uğurunun sirrini isə baş məşqçi Qurban Qurbanovla əlaqələndirib:

“O, 17 ildir klubdadır. Çox tələbkardır və komandanın hücum futbolu oynamasını istəyir. Məşqlərdə bəzən qapıçıya geri ötürmələri belə qadağan edir. Həmişə hücum etməliyik. Klubun skautinq sistemi də çox güclüdür”.

Bakıda həyatla bağlı danışan polşalı qolkiper şəhərin təhlükəsiz və gözəl olduğunu vurğulayıb, lakin nəqliyyat sıxlığından narazılıq edib:

“Bakı çox təhlükəsiz və gözəl şəhərdir. Amma yollar çətindir, sürücülər bəzən qaydalara əməl etmirlər. Tıxaclar uzun çəkir. Piyada keçidində belə diqqətli olmaq lazımdır”.

Qapıçı mövqeyində rotasiya məsələsinə də aydınlıq gətirib:

“Əgər ikinci qapıçı olsaydım, ən vacib oyunlarda meydana çıxmazdım. Baş məşqçi sadəcə heyətdə rotasiyanı sevir”.

Karyerasındakı çətin dövrlərə toxunan Koxalski “Legiya” və “Radomyak”dakı ehtiyatda qaldığı illərin onu daha da gücləndirdiyini bildirib. Onun sözlərinə görə, Çempionlar Liqasında çıxış etməsi məhz təslim olmamasının mükafatıdır.

Qışda Polşanın “Vidzev” klubundan təklif aldığını təsdiqləyən qapıçı ailəsindən uzaqda qalmağın psixoloji baxımdan çətin olduğunu etiraf edib:

“Futbol vacibdir, amma ailə hər zaman birinci yerdədir. Bəzən tək qalmaq mənim üçün çətin olurdu. Psixoloji sağlamlığım naminə ‘Vidzev’in təklifini qəbul etməyə hazır idim. Lakin ‘Qarabağ’ məni buraxmadı. Klubun mövqeyini anlayıram”.

O, həmçinin Dortmund “Borussiya”sından təklif aldığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

2026-cı il üçün hədəflərindən danışan Koxalski əsas məqsədinin “Qarabağ”la Çempionlar Liqasında mümkün qədər irəli getmək və Polşa millisində debüt etmək olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər