D lisenziyalı məşqçi kursuna yekun vurulub
AFFA-nın qəbul etdiyi Futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə keçirilən növbəti “D” lisenziyalı məşqçi kursu uğurla başa çatıb.
Operativ Media xəbər verir ki, yüksək təşkilatçılığı ilə diqqəti çəkən kursa 25 iştirakçı qatılıb.
Kursun əsas məqsədi məşqçi olmaq istəyən gəncləri bu sahəyə daha da həvəsləndirmək, onları düzgün təməllər üzərində istiqamətləndirmək, nəzəri və praktiki biliklərinin artrmasına yardımçı olmaq, həmçinin müasir məşqçilik metodikasını iştirakçılara aşılamaq, futbolda maarifləndirmə prosesinə töhvə verməkdir.
Üç gün davam edən kursa təltifetmə mərasimi ilə yekun vurulub. BFF-nin prezidenti Tahir Süleymanov, AFFA Futbol Layihələri Şöbəsinin rəhbəri Fərid Nağdaliyev, Texniki Direktorun məsləhətçisi Arif Əsədov, məşqçi-təlimatçılar İlham Əzizzadə və Mehdi İbrahimov kurs iştirakçılarını təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda kursu uğurla başa vuran iştirakçılara AFFA-nın “D” lisenziyalı məşqçi sertifikatları, kursun təşkilində və keçirilməsində əməyi olanlara isə BFF-nin təşəkkürnamələri təqdim edilib.