Zelenski: “Starlink” 161 km/saat sürətdə yenə sönür
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə “Starlink” peyk rabitə sisteminin 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönməyə davam etdiyini bildirib.
Operativ Media xəbər verir ki, Zelenski bu barədə Vaşinqtonda yerləşən “Hudson Institute”da onlayn çıxışı zamanı danışıb.
Ukrayna liderinin sözlərinə görə, peyk rabitə sisteminin fəaliyyəti həm mülki sektorda, həm də cəbhəyə yaxın ərazilərdə yoxlanılıb. Yoxlamaların nəticələri “Starlink” üçün tətbiq edilən sürət məhdudiyyətinin hələ də aradan qaldırılmadığını göstərib.
Zelenski qeyd edib ki, Kiyev bu məhdudiyyətin texniki baxımdan necə ləğv ediləcəyini bilir və problemin həllinə ümid edir.
“Biz bu məhdudiyyətin texniki olaraq necə ləğv ediləcəyini anlayırıq. Ümid edirik ki, “SpaceX” və ABŞ administrasiyası bunu edəcək”, – deyə o bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, ABŞ tərəfi məsələnin həll olunacağına dair söz verib.