Ölkənin şimalında yanacaq qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Şimal bölgəsində (Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzən rayonları) fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinə yanacağın verilməsinin dayandırılması və “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft bazası sahəsində yanacaq təchizatının məhdudlaşdırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Operativ Media xəbər verir ki, bu barədə “SOCAR PETROLEUM” QSC-dən məlumat verilib.
Bildirilib ki, “SOCAR PETROLEUM” QSC-nin Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı mövcuddur və bölgədəki məntəqələrin yanacaqla təminatı adi iş rejimində, fasiləsiz olaraq həyata keçirilir:
“Yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırıcı tədbirlər barədə iddialar tamamilə əsassızdır. Şirkətimiz istehlakçıların və tərəfdaş məntəqələrin davamlı yanacaqla təchizatını tam nəzarətdə saxlayır, tədarük zəncirində heç bir gecikmə və ya çatışmazlıq müşahidə olunmur”.
“Media nümayəndələrindən və ictimaiyyətdən dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad olunmayan məlumatlara etibar etməmələri xahiş olunur”, - məlumatda qeyd olunub.