Audiovizual Şuranın iclası keçirilib
11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçün müraciətlərə baxılıb.
Bu barədə Operativ Media-ya Şuradan məlumat verilib.
Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: "Kinobox" olmaqla) verilməsi haqqında qərar qəbul etmişdir.
İclasda həmçinin, "Mahnı" MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunmuşdur. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Mahnı TV" olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunmuşdur.
İclasın sonunda "Aznet Technologies" QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən "Aznet" və "Araznet" operator xidmətləri üçün verilmiş lisenziyaların "Aznet Technologies" MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir.