Menyu

Litva millisinin baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır”

Operativ Media
Litva millisinin baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır”

Litva millisi UEFA Millətlər Liqası turniri çərçivəsində payızda Azərbaycan və Lixtenşteyn komandaları ilə qarşılaşacaq.

Operativ Media xəbər verir ki, Litva millisinin baş məşqçisi Edgaras Jankauskas Brüsseldə keçirilən püşkatma mərasimində iştirak edib. O, D divizionundakı rəqiblər, eləcə də 2026-cı ildə qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.

“Biz bu nəticədən şikayət etmirik. Bilirik ki, bu qrupdakı bütün komandalar bizim üçün keçilməz rəqib deyil. Heç kim bizə asan oyun vəd etmir. Daha yüksək diviziona yüksəlmək üçün bütün gücümüzü səfərbər etməliyik”, – deyə E. Yankauskas bildirib.

Azərbaycan millisi 2024–2025-ci illər mövsümündə UEFA Millətlər Liqasının C divizionunda sonuncu yeri tutaraq Litva ilə oxşar vəziyyət yaşayıb. Lixtenşteyn yığması isə indiyədək yalnız D divizionunda mübarizə aparıb.

Baş məşqçi Azərbaycan millisi barədə də danışıb: “Şübhəsiz ki, Azərbaycan Lixtenşteynlə müqayisədə daha yüksək səviyyəli komandadır. Heyətdə Avropa təcrübəsi olan futbolçular var. Xüsusilə "Qarabağ" klubu tez-tez Avropa arenasında uğurlu çıxışları ilə diqqət çəkir. Bu komanda ölkə çempionatının aparıcı təmsilçisidir və milli komandaya ən çox oyunçu verən klubdur”.

E. Yankauskas əlavə edib ki, Azərbaycan millisi texniki və sürətli oyun üslubuna malikdir: “Bu komanda cənub futbol məktəbinə xas texniki xüsusiyyətləri ilə seçilir. Son illər ən uğurlu dövrünü yaşamasa da, düşünürəm ki, Azərbaycan millisi mövcud nəticələrdən razı deyil. Qrupdakı bütün komandaların məqsədi eynidir – daha yuxarı pilləyə yüksəlmək”.

Hazırda Azərbaycan Premyer Liqasında Litva mütəxəssisi Valdas Dambrauskas “Sabah” klubunun baş məşqçisidir. Litva millisinin çalışdırıcısından V. Dambrauskasla məsləhətləşib-məsləhətləşməyəcəyi soruşulduqda, o, bunu istisna etməyib:

“Əlbəttə, Valdasla danışacağıq. Onun rəhbərlik etdiyi komandadan bir neçə futbolçu hazırda Azərbaycan millisinin heyətində yer alır. Qarşılaşmaya tam hazır olmaq üçün bütün mümkün məlumatları toplamağa çalışacağıq”, – deyə E. Yankauskas vurğulayıb.

Əlaqəli Xəbərlər