Ekspert: Magistratura imtahanında riyazi məntiq sualları nəticələrin fərqlənməsinə səbəb olub
Magistraturaya qəbul imtahanının I cəhdi üzrə açıq tipli tapşırıqların nəticələri elan olub. Nəticələr xüsusilə humanitar ixtisas qrupu üzrə təhsil alan bakalavrların göstəricilərinin aşağı olması ilə diqqət çəkir.
Operativ Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. Onun sözlərinə görə, imtahanda məntiq fənni üzrə təqdim edilən tapşırıqların əhəmiyyətli hissəsi riyazi məntiq məsələlərindən ibarət olub: “Bu isə əsasən humanitar yönümlü sahələr üzrə təhsil alan bakalavrların nəticələrinə təsir göstərib. Texniki və iqtisadi sahələr üzrə təhsil alan namizədlərin nəticələri müqayisədə daha yüksək olub”.
Ekspert hesab edir ki, riyazi təfəkkür tələb edən sualların üstünlük təşkil etməsi imtahan nəticələrinin diferensiallaşmasına səbəb olub.
Xatırladaq ki, fevralın 17-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri elan olunub. İmtahan vermək üçün qeydiyyatdan keçmiş 22 min 780 bakalavrdan 519 nəfəri iştirak etməyib, qayda pozuntusuna görə 2 nəfərin nəticəsi ləğv edilib.