Türkiyə İranı regional təhlükəsizliyə təhdid yaradan hərəkətlərdən çəkinməyə çağırıb
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İranı regional təhlükəsizliyə təhdid yaradan addımlardan çəkinməyə çağırıb.
Operativ Media xəbər verir ki, o, bu barədə NATO qüvvələrinin Türkiyənin hava məkanında ballistik raketi zərərsizləşdirməsindən sonra "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Regional gərginliyin artmaması və münaqişənin daha geniş əraziyə yayılmaması son dərəcə vacibdir. Biz bütün tərəfləri, xüsusilə İranı regional təhlükəsizliyi təhdid edən və mülki əhalini təhlükə altında qoyan addımlardan çəkinməyə bir daha qətiyyətlə çağırırıq", - deyə o vurğulayıb.
Rəsmi şəxs bildirib ki, İrandan atıldığı müəyyən edilən ballistik raket Qaziantep vilayətinin Şahinbəy rayonu üzərində NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən vaxtında aşkar edilərək zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
"Bu hadisələr ilk andan etibarən bütün müvafiq qurumlarımızın diqqət mərkəzində olub, dərhal zəruri müdafiə və təhlükəsizlik tədbirləri görülüb. Dövlətimizin hava məkanını və sərhədlərimizin təhlükəsizliyini qorumaq əzmi və imkanları ən yüksək səviyyədədir", - deyə o qeyd edib.