Menyu

Yeni metrostansiya nə vaxt açılacaq?

Operativ Media
Yeni metrostansiya nə vaxt açılacaq?

“Planlara görə, yeni metrostansiyanın 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Stansiyanın adına gəlincə isə qeyd etmək lazımdır ki, bu məsələ Bakı Metropoliteni qurumunun birbaşa səlahiyyətində deyil. Buna görə də hələlik stansiyanın adı ilə bağlı konkret qərarın verildiyini demək tezdir”.

Operativ Media xəbər verir ki, bu barədə urbanist Anar Əliyevlə müsahibəsində "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, bu stansiyanı sovet dövründə tikilmiş digər stansiyalardan fərqləndirən bir sıra məqamlar var:

“İlk növbədə, onun funksional xüsusiyyətləri və tikinti üsulu fərqlidir. Stansiya “divar üsulu” ilə inşa olunur. Yəni burada əvvəlcə tunel qazılıb, daha sonra stansiyanın tikintisinə başlanılıb. Tunel qazma maşını əvvəlcədən bu ərazidən keçərək qatar yolunu formalaşdırıb.

Stansiya isə sonradan yuxarıdan aşağıya doğru mərhələli şəkildə qazılaraq tikilib. Layihəyə görə stansiya 32 metr dərinlikdə yerləşir və buna görə də dörd səviyyədən ibarət olacaq. Ən yuxarı səviyyə sərnişinlərin qəbul olunduğu hissədir. Ondan aşağıda texniki səviyyələr yerləşir. Daha sonra keçid səviyyəsi gəlir. Növbəti mərhələ platforma səviyyəsidir. Platformanın altında isə qurunt sularının toplanması və digər texniki ehtiyaclar üçün nəzərdə tutulmuş əlavə səviyyə yerləşir.

32 metr dərinlik metro stansiyaları üçün kifayət qədər böyük göstərici sayılır və bu stansiya da dərin stansiyalar sırasına daxildir.

Digər planlaşdırılan stansiyalara gəlincə, dövlət proqramına əsasən yaxın illərdə yeni stansiyaların tikintisi nəzərdə tutulur. Ümumilikdə 4 il ərzində 10 yeni stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

Bunun çərçivəsində bənövşəyi xətt üzrə 6 stansiya, yaşıl xətt üzrə isə 4 stansiya tikilməsi planlaşdırılır.

Hər xətt üzrə ayrıca tender elan olunacaq. Bu prosesin ən vacib mərhələlərindən biri isə trassların müəyyən edilməsi və layihələrin hazırlanmasıdır. Başqa sözlə, stansiyaların nəzəri modelinin və texniki layihəsinin hazırlanması artıq demək olar ki, tamamlanmaq üzrədir.

Planlara görə, bu il ərzində tender mərhələsi keçiriləcək. Tenderin qaliblərinə texniki şərtlər təqdim olunacaq və müqavilələr imzalandıqdan sonra tikinti mərhələsinə başlanacaq. Müasir texnologiyalar nəzərə alındıqda, hətta Bakının mürəkkəb hidrogeoloji şəraitində belə bu stansiyaların inşası mümkündür.

Əlbəttə, dünyada heç bir tikinti layihəsi risklərdən tam sığortalanmayıb. İstənilən böyük infrastruktur layihəsində müəyyən risklər mövcuddur. Lakin bu risklər əvvəlcədən hesablanır və layihələndirmə mərhələsində nəzərə alınır. Tender və müqavilə mərhələsində də bütün texniki və təhlükəsizlik məsələləri kompleks şəkildə nəzərdən keçirilir.

Buna uyğun olaraq inşaatçılar və metro mühəndisləri öz texniki tədbirlərini həyata keçirirlər. Ümumiyyətlə, müasir texnologiyalar fonunda belə layihələrin həyata keçirilməsi mümkündür və təcrübə göstərir ki, dünyada texniki baxımdan mümkünsüz hesab olunan layihələr demək olar ki, yoxdur”.

Ətraflı videoda:

Əlaqəli Xəbərlər