“Avtobus gec gəlir” – 119 və 199 marşrutları ilə bağlı narazılıq
Son zamanlar paytaxtın bəzi ərazilərində ictimai nəqliyyatla bağlı narazılıqlar yenidən gündəmə gəlib. Xüsusilə 119 və 199 saylı marşrut avtobuslarından istifadə edən sərnişinlər avtobusların intervalının uzan olmasından şikayət edirlər.
Vətəndaşlar bildirirlər ki, bəzi hallarda dayanacaqlarda uzun müddət gözləməli olurlar və bu da gündəlik işə gedib-gəlməkdə ciddi çətinlik yaradır.
Sərnişinlərin sözlərinə görə, xüsusilə səhər və axşam saatlarında avtobusların gec-gec gəlməsi sıxlığa səbəb olur. Nəticədə bir avtobus gəldikdə artıq dayanacaqda çox sayda insan toplaşmış olur.
Vətəndaşlar hesab edir ki, 119 və 199 saylı marşrutlarda avtobusların sayının artırılması və intervalın qısaldılması sərnişinlərin rahatlığı üçün vacibdir.
Mövzu ilə bağlı Operativ Media “Xaliq Faiqoğlu” MMC şirkətinə sorğu ünvanlayıb.
Şirkətin mətbuat katibi Nazim Rzayev bildirib ki, hazırda 119 saylı müntəzəm marşrut xətti üzrə 22, 199 saylı xətt üzrə isə 21 avtobus sərnişinlərə xidmət göstərir:
"Bununla yanaşı, 199 saylı xətdə istismar edilən avtobuslardan 4 ədədi ekspress formada (metronun 20 yanvar stansiyası ilə BMU arasında) sərnişinlərə xidmtə göstərir.
Bəzi hallarda yollardakı sıxlıq və tıxaclar, eləcə də texniki problemlər xətlər üzrə interval pozulmalarına səbəb olur. Bu kimi halların qarşısının alınması məqsədilə tərəfimizdən lazımi tədbirlər görülür”.
Daşıyıcı şirkətdən avtobus marşrutlarının sayının artırlması ilə bağlı hər hansı məlumat verilməyib.