Hindistanda zikhlərin hüquqlarının pozulması ilə bağlı məruzəçilər təyin ediəcək
BMT və onun müvafiq qurumlarının zikh mövzusunu gündəliyinə çıxarması, habelə Hindistandakı müxtəlif etnik və dini qrupların hüquqlarının tanınmaması və kobud pozuntu hallarının sistemli şəkildə sənədləşdirilərək beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xüsusi məruzəçilərin təyin edilməsi istiqamətində işlərin başlanmasına dair razılığa gəlinib.
Operativ Media xəbər verir ki, bununla bağlı qərar Bakı Təşəbbüs Qrupu (BTQ) və Zikh Federasiyasının birgə təşkilatçılığı ilə Cenevredə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində "Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Zikhlərin müqaviməti və BMT" mövzusunda keçirilən beynəlxalq konfransda qərara alınıb.
Konfransın əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi siyasətin, xüsusilə zikh icmasına qarşı yönəlmiş təqib və təzyiqlərin beynəlxalq müstəviyə çıxarılması, həmçinin bu halların insan hüquqları və fundamental azadlıqlar baxımından yaratdığı risklərə beynəlxalq təşkilatların diqqətini çəkməkdir.
Tədbir çərçivəsində çıxış edən BTQ-nin İcraçı direktoru Abbas Abbasov, "Zikh Federation" təşkilatının rəhbəri Bual Moninder, təşkilatın Birləşmiş Krallıq üzrə icraçı direktoru Dabinderjit Sinqh, "Zikh Network" media platformasının sədri Xatkar Jasvinder Sinqh və digərləri Hindistan hökumətinin müxtəlif ölkələrdə yaşayan zikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi transmilli təzyiq və təhdidlər barədə danışaraq, belə halların getdikcə daha da artdığını vurğulayıblar. Bildirilib ki, Hindistanda aparılan repressiv siyasət nəticəsində bir çox zikh fəalları və etnik azlıqların nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirirlər.
Qeyd olunub ki, xaricdə fəaliyyət göstərən zikh təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı yönəlmiş təhdidlər, təqiblər və hücumlar fundamental hüquq və azadlıqlar üçün ciddi təhlükə yaradır. Konfrans iştirakçıları vurğulayıblar ki, bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət məsələyə daha diqqətlə yanaşmalı, beynəlxalq təşkilatlar və insan hüquqları institutları Hindistan hökumətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təzyiqləri gücləndirilməlidir.