ABŞ-də benzinin qiyməti 23,5 faiz artıb
Yaxın Şərq müharibəsinin başlanğıcından bəri ABŞ-də benzinin orta qiyməti 23,5 faiz artıb.
Operativ Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, şənbə günü ölkə üzrə orta yanacaq qiyməti bir qallon üçün 3,68 dollara çatıb. Qiymət artımı qlobal bazarlarda neftin qiymətinin kəskin artması ilə əlaqələndirilir.
Son iki həftə ərzində qlobal neftin qiyməti təxminən 40 faiz artaraq barel üçün 103,14 dollara çatıb. Analitiklər bunu Fars körfəzi bölgəsindən enerji təchizatı ilə bağlı narahatlıqlarla əlaqələndirirlər.
Əsas amil qlobal neft ticarəti üçün ən vacib marşrutlardan biri olan Hörmüz boğazından keçən gəmiçilik riski olaraq qalır. Qlobal xam neft tədarükünün təxminən beşdə biri buradan keçir.