ABŞ “Green Card” lotereyasında iştirak qaydalarında dəyişiklikləri açıqlayıb
ABŞ “Green Card” lotereyasında iştirak qaydalarını dəyişdirib.
Operativ Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, yeni qaydalara əsasən lotereyada iştirak etmək üçün müraciət zamanı pasportun skan olunmuş surətini yükləmək tələb olunacaq.
Qeyd edilir ki, müraciət edən şəxs etibarlı pasportunun məlumatlarını təqdim etməli və pasportun bioqrafik məlumatlar və imza olan səhifəsinin skanını elektron ərizə formasına yükləməlidir. Vurğulanıb ki, yalnız məhdud sayda hallarda bu tələb istisna edilə bilər.
Bildirilib ki, dəyişikliyin məqsədi təhlükəsizliyi artırmaq və mümkün dələduzluq hallarının qarşısını almaqdır. Yeni qayda aprelin 10-dan qüvvəyə minəcək və gələn ildən “Green Card” lotereyasına şamil olunacaq.
Bundan əlavə, hər bir müraciət üçün 1 dollar məbləğində ödəniş tətbiq olunacaq. Əvvəllər isə lotereyada iştirak ödənişsiz idi.
Məlumata görə, son on ildə ABŞ-nin “Green Card” lotereyasında iştirak üçün müraciətlərin sayı təxminən iki dəfə artıb. Belə ki, 2015-ci maliyyə ili üzrə keçirilən lotereyada təxminən 9,4 milyon nəfər qeydiyyatdan keçmişdi. 2025-ci maliyyə ilinə qədər isə iştirakçıların sayı 21 milyona yaxınlaşıb.
Bununla yanaşı, bu müddətdə qaliblərin sayı ciddi dəyişməyib: 2015-ci ildə 131 060 nəfər qalib gəldiyi halda, on il sonra bu göstərici 125 514 nəfər təşkil edib.