Akif Nəsirli: Novruz süfrəsinin xərcləri bu il 20–30 manat artıb
"Novruz bayramı ərəfəsində ailələr adətən süfrələrini zəngin yeməklər, şirniyyatlar və müxtəlif çərəzlərlə bəzəyirlər. Son illərdə isə kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksəlməsi və idxal xərclərinin artması səbəbindən Novruz süfrəsinin xərcləri də artıb".
Bu sözləri Operativ Media-ya açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib.
O bildirib ki, aparılan hesablamalara görə, bu gün orta səviyyədə hazırlanmış bayram süfrəsi dörd nəfərlik bir ailə üçün təxminən 170–200 manat civarında başa gələ bilər:
“Daha zəngin və müxtəlif yeməklərlə hazırlanmış süfrə isə 200–250 manat və ya daha artıq məbləğə başa gələ bilər. Xərcin miqdarı əsasən alınan məhsulların sayından və keyfiyyətindən asılıdır. Bəzi ailələr yalnız əsas yeməklər və az miqdarda çərəzlə kifayətlənərək daha qənaətli süfrə hazırlayır. Digər ailələr isə qonaqlar üçün daha zəngin menyu seçdiyinə görə xərclər daha yüksək olur. Buna görə də bayram süfrəsinin qiyməti hər ailənin büdcəsinə və seçimlərinə görə dəyişir".
Akif Nəsirli vurğulayıb ki, qiymətlərin artması əsasən kənd təsərrüfatı məhsullarının bahalaşması, idxal məhsullarının qiymətindəki dəyişikliklər ilə bağlıdır.
Onun sözlərinə görə, bu il bayram süfrəsi xərcləri keçən ilə nisbətən 20–30 manat artıb.
