Menyu

AQTA: 12 heyvan bazarı fəaliyyətini bərpa edib

Operativ Media
AQTA: 12 heyvan bazarı fəaliyyətini bərpa edib

"Hazırda Abşeron, Cəlilabad və Xaçmaz heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır”.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Məlumata görə, artıq Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Masallı və Ağsu rayonlarındakı heyvan bazarları fəaliyyətini bərpa edib:

"Ölkə ərazisində yerləşən 12 heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarlarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib", - deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.

Əlaqəli Xəbərlər