Azərbaycanda emal edilməmiş almazların idxal və ixracına yeni qaydalar tətbiq olunacaq
Emal edilməmiş almazların idxalı və ixracı ilə bağlı qanunvericiliyə dəyişikliklər təsdiqlənib.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Dəyişikliklərə əsasən, emal edilməmiş almazların ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyi əsasında mümkün olacaq. Həmçinin bu sahədə dövlət nəzarəti gücləndiriləcək və almazların dövriyyəsi, istifadəsi, uçotu və saxlanılması xüsusi qaydalarla tənzimlənəcək.
Yeni qaydalara görə, emal edilməmiş almazların idxalı və ixracı yalnız Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə üzv dövlətlərdən həyata keçirilə bilər.
Eyni zamanda, müvafiq rəy olmadan emal edilməmiş almazların idxalı və ixracına görə inzibati məsuliyyət müəyyən edilib. Bu halda fiziki şəxslər 550 manatdan 750 manatadək, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimə olunacaq.
Qanun Azərbaycanın Kimberli Prosesinin Sertifikatlaşdırma Sxeminə qoşulduğu gündən qüvvəyə minəcək.