Baku Electronics "Qoparma Bənövşəni" KSM-inə start verib
Hər il Azərbaycanda 15-17 yaş aralığında minlərlə qız uşağı erkən evliliyin qurbanı olur. Onlar ailələrin təzyiqi ilə erkən nikaha məcbur edilir. İllər keçdikcə bu say azalsa da, hələ də ölkəmizdə erkən nikah hallarının tam qarşısı alınmayıb. Xüsusilə də regionlarda erkən nikah hallarına daha çox rast gəlinir. Erkən yaşda evliliyin qarşısının alınması məqsədilə müxtəlif tədbirlər həyata keçirilir
.
Baku Electronics 8 Mart Beynəlxalq Qadınlar Günündə “Qoparma bənövşəni” korporativ sosial məsuliyyət layihəsinə start verib. Layihənin məqsədi qızların erkən nikaha cəlb edilməsinin qarşısının alınması və cəmiyyətdə bu mövzuda təfəkkür formalaşdırılmasıdır. Erkən nikah hallarının azaldılması üçün cəmiyyətdə fərqindəliyi artırmağa yönəldilmiş layihə uzunmüddətlidir. Baku Electronics “Qoparma bənövşəni” layihəsini il boyu davam etdirməyi və layihə çərçivəsində fərqli tədbirlər keçirməyi düşünür. Sözügedən layihənin videoçarxını sizə təqdim edirik.
Layihə sosial mediada #qoparmabənövşəni həştaqı ilə işıqlandırılıb. Böyük marağa səbəb olan layihə izləyicilər tərəfindən çox bəyənilib, həm də emosional təsir bağışlayıb. Şirkət bildirib ki, “Qoparma bənövşəni” layihəsi il ərzində diqqət mərkəzində olacaq və cəmiyyətdə bu məsələdə daha sağlam fikrin formalaşdırılması üçün müxtəlif işlər görüləcək.
Baku Electronics əvvəllər də korporativ sosial məsuliyyət çərçivəsində müxtəlif işlər görüb. “100 arzu, 100 uşaq”, ekologiya sahəsində batareyaların təkrar toplanması belə layihələrdəndir.