Sertifikasiyadan kəsilən müəllimlərin repetitor kimi fəaliyyəti qadağan oluna bilər? - Ekspert danışır
Azərbaycanda kurslarda və evdə fərdi təhsil verən müəllimlərin fəaliyyəti geniş müzakirə olunur. Xüsusilə sual yaranır: dövlət imtahanından keçə bilməyən müəllimlər kurslarda və ya evdə şagird hazırlaya bilərmi və onların sertifikasiyadan keçməsi məcburi olmalıdırmı? Bu mövzu həm təhsil keyfiyyəti, həm də hüquqi məsuliyyət baxımından aktuallıq kəsb edir.
Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Operativ Media-ya danışıb.
O bildirib ki, dövlət imtahanından və ya sertifikasiyadan keçə bilməyən müəllimlərin fəaliyyət göstərməsi təhsilin səviyyəsinə birbaşa təsir edir:
“Sertifikasiyanın məcburi olması həm müəllim, həm də valideyn üçün minimum keyfiyyət təminatı yaradır. Bir çox ölkələrdə fərdi tədris fəaliyyəti üçün xüsusi lisenziya və ya sertifikat tələb olunur. Azərbaycanda da kursların və repetitorların fəaliyyətinə müəyyən standartların tətbiqi zaman-zaman təklif olunur.
Lisenziyalaşdırma və tənzimləmə prosesi vacibdir, çünki istənilən şəxs kurs açaraq təhsil fəaliyyəti göstərə bilər. Bu zaman övladın və ya müraciət edən şəxsin hüquqlarını qoruyacaq normalar lazımdır. Məsələn, övladın qeyri-peşəkar təhsil alması, cinayət hadisəsi və ya digər problemlər hüquqi müstəvidə necə həll olunacaq? Buna görə dövlətin müəyyən tənzimləyici qaydalar hazırlaması önəmlidir.
Lakin məsələ çətindir, çünki özəl kurslar və repetitorlar azad bazarda fəaliyyət göstərir. Sertifikatı olmayan müəllim bəzən imtahanı keçmiş müəllimdən daha yaxşı nəticə göstərə bilər. Eyni zamanda, özəl təhsil müəssisələri vergi orqanlarında qeydiyyatdan keçərək öhdəliklərini yerinə yetirirlər. Bəzən tənzimləmə tələbələri azad sahibkarlığa müdaxilə kimi qiymətləndirilir, amma ümumilikdə məqsəd təhsilin keyfiyyətini təmin etməkdir.
Amma bütün repetitorları və müəllimləri nəzarətə götürmək fiziki olaraq çətindir. Digər tərəfdən, əgər yalnız sertifikatlı müəllimlərə fəaliyyət icazəsi verilsə, müəyyən problemlər yarana bilər. Məsələn, orta məktəbdə keyfiyyətli tədris aparmayan müəllimlər evdə ödəniş qarşılığında yüksək nəticə vəd edərək şagirdlərin valideynlərinə xidmət göstərə bilər. Bu həm bazarda rəqabəti azaldar, həm də qiymətlərin kəskin artmasına səbəb ola bilər.
Dövlət isə rəqabəti qanunvericilik çərçivəsində tənzimləməyə çalışır. Gələcəkdə repetitorların fərdi sahibkarlıq kimi qeydiyyatdan keçməsi ilə yanaşı, onların peşəkarlığını təsdiq edən sənədlərin tələb olunması ehtimalı yüksəkdir. Bu sənədlərin nə formada veriləcəyi və necə tətbiq olunacağı hələ müəyyən edilməlidir, amma görünən budur ki, dövlət həm qeydiyyatı, həm də peşəkarlığın təsdiqini nəzərdə tutacaq”.
