DSX Xüsusi Məktəbinin V sinfinə qəbul üzrə keçirilən imtahanın nəticələri elan edilib
Aprelin 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən Dövlət Sərhəd Xidməti (DSX) Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
DİM-dən Operativ Media-ya bildirilib ki, imtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər. İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirakı nəzərdə tutulan 1293 nəfərdən 31 nəfər imtahana gəlməyib.
İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən aprelin 13-dən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər aprelin 9-u saat 10:00-dan aprelin 10-u saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.