BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? - DOSYE
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.
BŞTİ-dən Operativ Media-ya verilən məlumata görə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən Fəttah Fəttayev və Turanə Məcidli BŞTİ-nin müdir müavini vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Fəttah Fəttayev 1997-2019-cu illərdə Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksində pedaqoji fəaliyyətlə məşğul olub. 2019-2026-ci illərdə Bakı şəhəri 161 və 214 nömrəli tam orta ümumtəhsil məktəblərində direktor vəzifəsində fəaliyyət göstərib.
2012-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub, 2016-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb, 2023-cü ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib. 10-dan artıq elmi məqalənin, 8 kitabın, o cümlədən 6 dərs vəsaitinin müəllifidir.
Turanə Məcidli 2015-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 329 nömrəli tam orta ümumtəhsil məktəbində və Bakı Modern Təhsil Kompleksində kimya müəllimi işləyib.
2022-ci ildə Bakı şəhəri 106 nömrəli tam orta ümumtəhsil məktəbində direktor müavini, 2023-2025-ci illərdə 2 nömrəli Texniki-humanitar liseydə direktor vəzifələrində çalışıb. 2024-cü ildən Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. 2025-ci ildən BŞTİ-də Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.