Menyu

Elm və təhsil nazirinin müavini Şamaxıda müəllim və valideynlərlə görüşüb

Operativ Media
Elm və təhsil nazirinin müavini Şamaxıda müəllim və valideynlərlə görüşüb

Aprelin 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Şamaxı rayonuna səfər edib.

Elm və Təhsil Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, səfər çərçivəsində əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə birlikdə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Səfər zamanı Dağlıq Şirvan regionu üzrə bir qrup valideyn və müəllimlərlə görüşlər keçirilib.

Valideynlərlə görüşdə şagirdlərin əldə etdiyi nəticələr, ailə-məktəb əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.

Nazir müavini şagirdlərin tədris nəticələrinin yaxşılaşdırılmasının əsas prioritet olduğunu qeyd edərək bildirib ki, əldə olunan nəticələr həm məktəbin, həm müəllimin, həm də ailənin birgə məsuliyyətinin göstəricisidir.

Valideynlər məktəb–şagird–ailə əməkdaşlığının gücləndirilməsinin, şagirdlərin motivasiyasının artırılmasının və uğurlu nəticə göstərən şagirdlərin stimullaşdırılmasının vacibliyini bildiriblər.

Görüşdə erkən yaş təhsilinin, xüsusilə bağça və ibtidai təhsilin keyfiyyətinin artırılmasının gələcək nəticələrə birbaşa təsiri də vurğulanıb.

İşə qəbul və sertifikatlaşdırma imtahanlarında yüksək nəticə əldə edən müəllimlərin iştirakı ilə baş tutan görüşdə təhsilverənlərin peşəkar inkişafı, dərs keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə meyarları, tədris prosesində innovativ yanaşmaların tətbiqi və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda tam ştatlı məşğulluq modelinin tətbiqi və sertifikasiya prosesinin tədrisin keyfiyyətinə müsbət təsiri qeyd olunub.

Həsən Həsənli çıxışında təhsil işçilərinin öz davranışları ilə şagirdlər üçün nümunə olduqlarını qeyd edərək bunun uşaqların tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Görüşlərdə həmçinin regionlarda STEAM mərkəzlərinin sayının artırılması, inklüziv siniflərdə dərs deyən müəllimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Görüşlərin yekununda təhsil mühitinin təkmilləşdirilməsi və nəticəyönümlü yanaşmanın gücləndirilməsi üçün kompleks tədbirlərin vacibliyi qeyd olunub.

Əlaqəli Xəbərlər