Menyu

Azər Badamov: WUF13-ə olan bu böyük maraq Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir

Ayşən Sadıxzadə
Azər Badamov: WUF13-ə olan bu böyük maraq Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun göstəricisidir

WUF13 COP29-dan sonra ölkəmizdə keçirilən ən böyük beynəlxalq tədbirdir. Eyni zamanda, iştirakçı sayına görə indiyədək keçirilmiş Dünya Şəhərsalma Forumları arasında ən böyük forum hesab olunur. Belə ki, WUF13-də 180 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçməsi bu tədbirin qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Bu maraq, ilk növbədə, Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu və etibarlı tərəfdaş kimi formalaşmış imici ilə bağlıdır.

Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, Azərbaycan 30 ilə yaxın işğal altında olmuş suveren ərazilərini öz gücü hesabına azad edərək regionda yeni reallıqlar yaradıb:

“Bu reallıqlar sülhə, təhlükəsizliyə və əməkdaşlığa əsaslanır. Bununla yanaşı, ölkəmiz işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun müasir yaşayış məntəqələri inşa edir. Həmin layihələr dayanıqlı inkişaf, innovativ idarəetmə və yaşıl texnologiyaların tətbiqi baxımından beynəlxalq ictimaiyyət üçün xüsusi maraq doğurur.

WUF13 çərçivəsində Azərbaycan şəhərsalma, urbanizasiya və bərpa-quruculuq sahəsində qazandığı təcrübəni beynəlxalq ictimaiyyətlə bölüşəcək, eyni zamanda dünya təcrübəsində tətbiq olunan qabaqcıl həllərlə yaxından tanış olmaq imkanı əldə edəcək. Bu yeni şəhərlərin salınması, mövcud şəhərlərin daha müasir standartlara uyğun yenidən qurulması və yaşayış məskənlərinin daha dayanıqlı edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Forum çərçivəsində əldə olunacaq bilik və təcrübə mübadiləsi ölkəmizdə dayanıqlı şəhər inkişafına əlavə töhfə verəcək.

Tədbir həm də Azərbaycanın iqtisadi və investisiya potensialının beynəlxalq auditoriyaya təqdim olunması üçün geniş imkanlar yaradır. Forum çərçivəsində ölkəmizə gəlmiş yüksək səviyyəli qonaqlar, investorlar və müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə keçiriləcək görüşlər yeni iqtisadi tərəfdaşlıqların qurulmasına, investisiya axınının artmasına və uzunmüddətli ticari-iqtisadi əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Bununla yanaşı, WUF13 ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli dəyərlərinin tanıdılması baxımından da mühüm platformadır. Xarici qonaqlar Azərbaycanın multikultural mühiti, qonaqpərvərliyi və turizm potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bu isə turizm sektorunun inkişafına əlavə təkan verərək ölkəmizin beynəlxalq turizm xəritəsində mövqeyini daha da gücləndirəcək.

Ümumilikdə, WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, siyasi və strateji mövqelərinin daha da möhkəmlənməsinə, yeni əməkdaşlıqların qurulmasına və ölkəmizin qlobal platformalarda rolunun genişlənməsinə mühüm töhfə verəcəkdir”.

Əlaqəli Xəbərlər