Menyu

WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

Operativ Media
WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir

Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başa çatsa da, tədbirin beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir.

Operativ Media xəbər verir ki, müxtəlif ölkələrin nüfuzlu media orqanlarında və rəsmi platformalarında yayımlanan materiallarda forum çərçivəsində müzakirə olunan qlobal urbanizasiya çağırışları, dayanıqlı şəhər inkişafı və iqlim dəyişiklikləri ilə bağlı təşəbbüslər geniş işıqlandırılır. Eyni zamanda, Azərbaycanın WUF13-ə yüksək səviyyədə ev sahibliyi etməsi, tədbirin təşkilati hazırlığı və Bakının beynəlxalq dialoq platformasına çevrilməsi xüsusi vurğulanır.

WUF13-ə ilk günlərdən geniş yer ayıran Pakistan mediası müzakirə olunan mövzuları hələ də diqqət mərkəzində saxlamaqdadır. Bu ölkənin "Hum English", "The Nation" və "The Diplomatic Insight" nəşrlərində yayımlanan materiallarda WUF13 çərçivəsində iqlim ədaləti, dayanıqlı yaşayış məntəqələri və urbanizasiya məsələlərinin geniş müzakirə olunduğu vurğulanıb. Yazılarda Bakının qlobal şəhərsalma dialoqu üçün mühüm platformaya çevrildiyi, Azərbaycanın tədbiri yüksək səviyyədə keçirdiyi qeyd olunub. Pakistan rəsmilərinin forumda inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinə beynəlxalq diqqətin artırılmasına dair çağırışları xəbərlərdə xüsusi vurğulanıb.

Meksikanın "La Razón", "Noticias de México" və "Hoja de Ruta Digital" nəşrlərində Bakıda uğurla yekunlaşan WUF13 çərçivəsində təntənəli mərasimlə növbəti forumun ev sahibliyi estafetinin rəsmən Mexiko şəhərinə ötürülməsi geniş işıqlandırılıb. Xəbərlərdə bu keçid Meksika paytaxtının qlobal şəhərsalma transformasiyasında istinad nöqtəsi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, gələcək şəhərsalma siyasətləri üçün yeni strateji mərhələnin başlanğıcı olaraq qiymətləndirilib.

Qazaxıstanın "Inform.kz", "Smartnews.kz", "Adyrna.kz", "Kazinform", "KZ Vesti" və "KZ24" kimi media resurslarında WUF13 çərçivəsində Xəzər regionu, urbanizasiya və dayanıqlı inkişaf mövzularına xüsusi diqqət ayrıldığı qeyd olunub. Məqalələrdə Azərbaycanın qlobal urbanizasiya gündəliyində fəal iştirak etdiyi, Bakının beynəlxalq dialoq məkanına çevrildiyi vurğulanıb. Eyni zamanda, Qazaxıstanın müxtəlif bölgələrindən nümayəndələrin forumda müasir şəhərsalma və urbanizasiya məsələlərinə dair müzakirələrdə fəal iştirak etdikləri barədə məlumat verilib. Qazaxıstanlı nümayəndələrin də Xəzər dənizinin səviyyəsinin kəskin enməsi və ekoloji vəziyyətinin gərginləşməsi məsələsini qaldırdıqları bildirilib, bu problemin həlli üçün Xəzəryanı ölkələrin birgə fəaliyyət göstərməsinin və məsələyə beynəlxalq diqqətin artırılmasının vacibliyini vurğuladıqları qeyd olunub.

Misirin Mənzil və Şəhərsalma Nazirliyinin rəsmi portalında yayımlanan materiallarda bu ölkənin WUF13-də sosial mənzil təminatı və aşağıgəlirli əhali üçün yaşayış proqramlarını təqdim etdiyi bildirilib. Yazılarda Bakının böyükmiqyaslı beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi qeyd olunub.

İranın Yol və Şəhərsalma Nazirliyinə bağlı "MRUD News" portalında yayımlanan materiallarda isə WUF13 çərçivəsində şəhərsalmanın inkişafı və regional əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğulanıb. Yazıda Bakıda uğurla keçirilən forumda beynəlxalq iştirak dərəcəsinin də yüksək səviyyədə olduğu qeyd edilib.

Səudiyyə Ərəbistanının SPA agentliyinin yayımladığı xəbərdə bu ölkənin nümayəndə heyətinin WUF13 çərçivəsində Krallığın inklüziv və davamlı şəhər mühitinin formalaşdırılması sahəsindəki qabaqcıl təcrübələrini beynəlxalq ictimaiyyətə təqdim etdiyi qeyd olunub. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi bu forumun qlobal şəhərsalma çağırışlarına qarşı beynəlxalq əməkdaşlığı gücləndirən strateji platforma olduğu vurğulanıb.

WUF13-ü xüsusilə geniş işıqlandıran Çinin "Sinxua" agentliyi bu mötəbər tədbirdə şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və mənzil əlçatanlığı üzrə beynəlxalq müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Hindistanın "Manorama Yearbook" portalında dərc olunan materialda WUF13-ün qlobal şəhərsalmaya dair inkişaf gündəliyinin formalaşdırılmasında mühüm rol oynadığı bildirilib, dünyanın müxtəlif yerlərindən gələn nümayəndələrin Bakıda şəhərsalma ilə bağlı çağırışlara dair müzakirələr apardıqları qeyd olunub.

Monteneqronun "DAN" nəşrində ölkənin nümayəndə heyətinin Bakı forumunda iştirakından bəhs olunub. Xəbərdə Monteneqronun Bakıdakı forumda özünün milli mənzil proqram və layihələrini təqdim etdiyi vurğulanıb.

Ukraynanın "TSN.ua", "Sq.com.ua" portallarında Ukraynanın müharibədən sonrakı bərpasında yeni mənzil siyasətinin əhəmiyyəti qeyd olunaraq, Xarkov merinin bu şəhərin bərpası ilə bağlı praktiki memarlıq və infrastruktur həlləri təqdim etdiyi vurğulanıb.

Tayvanda yayımlnan "YesMedia" portalında WUF13-də qəbul olunan "Bakı fəaliyyət çağırışı"ndan bəhs edilib. Yazıda beynəlxalq ictimaiyyətin mənzil və urbanizasiya problemlərinin həlli üçün birgə fəaliyyətə çağırıldığı qeyd olunub.

Rusiyanın "ATI.su" portalında Azərbaycanda yeni nəqliyyat dəhlizləri hesabına yük tranzitinin artım perspektivlərinə toxunulub. Məqalədə Bakının regional logistika və beynəlxalq əməkdaşlıq mərkəzi kimi rolunun gücləndiyi vurğulanıb.

Nigeriyanın "The Sun Nigeria" portalında on minlərlə iştirakçının qatıldığı forumun qlobal mənzil təminatı üçün yeni bir təkan olduğu qeyd edilib. Cənubi Afrika Respublikasının "Channel Africa" nəşri Bakı forumunda qlobal mənzil böhranına diqqət çəkilərək, tədbirin nəticələri barədə məlumat verilib. Bəhreynin "News of Bahrain" nəşrində bu ölkənin nümayəndə heyətinin forumda mənzil layihələri və şəhər inkişafı sahəsində apardığı müzakirələr əks olunub. Esvatininin "Independent News" qəzeti WUF13-ün yekununda qəbul olunan "Bakı fəaliyyət çağırışı"na diqqət ayırıb. Yazıda qlobal mənzil böhranına qarşı beynəlxalq öhdəliklərin gücləndirilməsi çağırışlarının forumun əsas nəticələrindən olduğu bildirilib.

Tanzaniyanın "Daily News" nəşri bu ölkənin dayanıqlı və davamlı şəhərlər qurmaq istiqamətində WUF13-də fəal təcrübə mübadiləsi apardığı, Myanmanın "Myanmar International TV" (MITV) televiziyasında forumda şəhərlərin inklüziv inkişafı ilə bağlı müzakirələrdən söhbət açılıb. Beynəlxalq miqyasda yayımlanan "Parametric Architecture", "Pressenza" və "Commonspace.eu" platformalarında yayımlanan materiallarda WUF13-ün qlobal urbanizasiya gündəliyinə töhfəsi, Azərbaycanın postmünaqişə dövründə şəhərsalma və bərpa siyasəti, həmçinin Bakının beynəlxalq əməkdaşlıq mərkəzi kimi rolu ön plana çəkilib. Yazılarda forumun dayanıqlı urban inkişaf üzrə yeni təşəbbüslərin formalaşdırılmasına imkan yaratdığı qeyd olunub.

Əlaqəli Xəbərlər