Menyu

Rəqəmsal dünyanın gizli təhlükələri: Uşaqları necə qorumalı?

Redaksiya
Rəqəmsal dünyanın gizli təhlükələri: Uşaqları necə qorumalı?

Müasir dövrdə sosial şəbəkələr və rəqəmsal texnologiyalar uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Telefon, planşet və televizor kimi ekran vasitələri artıq erkən yaşlardan etibarən uşaqların diqqətini cəlb edir. Lakin bu vasitələrin nəzarətsiz və həddindən artıq istifadəsi uşaqların psixoloji və ümumi inkişafına mənfi təsir göstərə bilər.

Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Leyla Əli deyib. 

Onun sözlərinə görə, sosial şəbəkələr və ekran qarşısında çox vaxt keçirmək yalnız inkişafında çətinlik olan uşaqlara deyil, normal inkişaf edən uşaqlara da təsir edir:

"Araşdırmalar göstərir ki, planşet və mobil telefondan erkən yaşlarda uzunmüddətli istifadə nitqin gecikməsinə, diqqət və yaddaş problemlərinə, eləcə də sosial bacarıqların zəifləməsinə səbəb ola bilər. Uşaq real ünsiyyət əvəzinə passiv şəkildə vizual və audial stimullara məruz qalır ki, bu da beynin inkişaf prosesinə mane ola bilər.

Ümumilikdə, 0–3 yaş aralığında uşaqlar üçün ekran istifadəsi tövsiyə edilmir. Bu dövr uşağın beyninin ən sürətli inkişaf etdiyi mərhələdir və əsas öyrənmə canlı ünsiyyət, oyun və valideynlə interaktiv əlaqə vasitəsilə baş verir. Mobil telefon və planşetdən istifadə bu təbii inkişaf prosesini zəiflədə bilər.

Daha böyük yaşlarda isə, xüsusilə məktəb dövrü və yeniyetməlik mərhələsində sosial şəbəkələrdən istifadə tamamilə qadağan olunmasa da, ciddi valideyn nəzarəti ilə müşaiyət olunmalıdır. Uşaqların hansı platformalardan istifadə etdiyi, hansı saytlara daxil olduğu və hansı qruplara qoşulduğu mütəmadi şəkildə nəzarətdə saxlanılmalıdır. Eyni zamanda uşaqlar üçün rəqəmsal təhlükəsizlik, düzgün informasiya seçimi və vaxt idarəetməsi barədə maarifləndirmə aparılmalıdır.

Sosial şəbəkələr düzgün istifadə olunduqda fayda versə də, nəzarətsiz və erkən yaşlarda istifadə uşaqların psixoloji inkişafına mənfi təsir göstərir. Valideynlərin əsas vəzifəsi uşaqlar üçün sağlam rəqəmsal mühit yaratmaq və ekranla ünsiyyət balanslaşdırmaqdır”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, rəqəmsal savadlılığın inkişaf etdirilməsi bu sahədə ən vacib məsələlərdən biridir:

"İnsanlar, xüsusilə də uşaqlar və yeniyetmələr rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklər, təhlükələr və imkanlar barədə məlumatlandırılmalıdırlar. Bu istiqamətdə aparılan maarifləndirmə işləri onların rəqəmsal dünyada daha təhlükəsiz və məsuliyyətli davranmasına kömək edə bilər.

Müşahidələr göstərir ki, son dövrlərdə uşaqlar rəqəmsal alətlərdən və internet resurslarından daha intensiv istifadə edirlər. Bəzən onlar yeni texnologiyalara valideynlərindən və hətta müəllimlərindən daha yaxşı bələd olurlar. Lakin əsas məsələ texnologiyadan istifadə bacarığı deyil, ondan düzgün və təhlükəsiz istifadə mədəniyyətinin formalaşdırılmasıdır.

Bu baxımdan uşaqlara rəqəmsal platformalardan istifadə qaydaları öyrədilməli, onların qarşılaşa biləcəyi risklər izah edilməli və təhlükəsiz davranış vərdişləri aşılanmalıdır. Məzmunlar da elə hazırlanmalıdır ki, uşaqlar zərərli, manipulyativ və ya yanlış istiqamətləndirici informasiyaların təsiri altına düşməsinlər. Rəqəmsal savadlılıq məhz bu təhlükələrin qarşısının alınmasında mühüm rol oynayır”.

Texnoloq Elvin Həsənov isə bildirib ki, valideynlər çox vaxt uşaqlarını internetdəki təhlükələrdən qorumaq üçün ilk olaraq ekran vaxtını azaltmağa çalışırlar:

"Əlbətdə bu vacibdir, ancaq əsl təhlükə təkcə ekran qarşısında keçirilən saatların sayı deyil. Əsas məsələ uşağın internetdə nə ilə qarşılaşdığıdır. Bu gün uşaqların üzləşdiyi ən böyük risklərdən biri informasiya manipulyasiyasıdır.

Sosial şəbəkələrdə və video platformalarda yayılan məlumatların hamısı doğru olmur. Uşaqlar isə çox vaxt gördükləri məzmunu yoxlamadan qəbul edirlər. Nəticədə yanlış məlumatlar, təhlükəli çağırışlar və zərərli trendlər onların davranışına təsir göstərə bilir. Digər ciddi problem şəxsi məlumatların həddindən artıq paylaşılmasıdır. Uşaqlar bəzən çəkdikləri şəkillərdən, videolardan və ya yazdıqları paylaşımlardan hansı məlumatların görünə biləcəyinin fərqində olmurlar. Halbuki bir məktəb forması, bir ünvan işarəsi və ya gündəlik marşrut haqqında məlumat belə üçüncü şəxslər tərəfindən istifadə oluna bilər. Bundan başqa onlayn oyunlar da artıq yalnız əyləncə platforması deyil. Bir çox kibercinayətkar uşaqlarla məhz oyunlar vasitəsilə əlaqə qurmağa çalışır. Oyun içində verilən hədiyyə, bonus, pulsuz hesab vədləri ilə uşaqları saxta linklərə yönləndirə və ya hesab məlumatlarını əldə edə bilirlər. Ona görədə mən hesab edirəm ki, valideynlərin ən böyük silahı texnologiya ilə mübarizə yox, etibarlı ünsiyyət olmalıdır. Əgər uşaq internetdə qarşılaşdığı problemi valideynindən gizlədirsə, risk artır. Əgər rahat şəkildə danışa bilirsə, təhlükənin qarşısını almaq daha asan olur. Valideynlər isə uşaqların istifadə etdiyi tətbiqləri tanımalı, məxfilik ayarlarını yoxlamalı və onlara sadə təhlükəsizlik qaydalarını öyrətməlidirlər. Məsələn, tanımadığı insanlarla şəxsi məlumat paylaşmamaq, şübhəli linklərə daxil olmamaq və internetdə gördüyü hər məlumata inanmaq olmaz”.

Əlaqəli Xəbərlər