Menyu

Yaşayış yeri üzrə qeydiyyata düşməmək hansı problemlərə səbəb olur?

Ayşən Sadıxzadə
Yaşayış yeri üzrə qeydiyyata düşməmək hansı problemlərə səbəb olur?

Yaşayış yeri üzrə qeydiyyat yalnız hüquqi prosedur deyil, həm də dövlətin əhali sayını düzgün müəyyənləşdirməsi, sosial xidmətləri planlaşdırması və resursları səmərəli bölüşdürməsi üçün mühüm əhəmiyyət daşıyır. Lakin bir çox hallarda insanlar faktiki yaşadıqları ünvanda qeydiyyata düşmür, xüsusilə də rayonlardan Bakıya, Xırdalana, Masazıra və digər yaşayış məntəqələrinə köçənlər rəsmi qeydiyyatlarını dəyişmirlər. Nəticədə rəsmi statistika ilə faktiki əhali sayı arasında ciddi fərq yaranır. Bu isə səhiyyə, təhsil, nəqliyyat, kommunal xidmətlər və digər sahələrdə planlaşdırmaya təsir göstərərək dövlət üçün əlavə problemlər yaradır. Bəs yaşayış yeri üzrə qeydiyyata düşməmək hansı fəsadlara səbəb olur və bunun aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Operativ Media-nın sorğusunu cavablandıran TƏBİB-dən bildirilib ki, yaşayış yeri üzrə qeydiyyatın aktual olmaması təkcə inzibati məsələ deyil, həm də səhiyyə xidmətlərinin planlaşdırılmasına birbaşa təsir göstərən amillərdən biridir.

Qeyd olunub ki, tibb müəssisələrinin infrastrukturunun formalaşdırılması, həkim və orta tibb işçilərinin sayı, çarpayı fondu, tibbi avadanlıq təminatı, dərman və tibbi sərfiyyat ehtiyatları, eləcə də gələcək inkişaf planları əhalinin rəsmi qeydiyyat göstəriciləri və demoqrafik proqnozlar əsasında müəyyən edilir.

TƏBİB-dən vurğulanıb ki, mövcud reallıq nəzərə alınaraq regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Məqsəd regional ixtisaslaşdırılmış mərkəzlərin fəaliyyətini genişləndirmək, onları müasir tibbi avadanlıqlarla və yüksəkixtisaslı mütəxəssislərlə təmin etməklə bir çox müayinə və müalicənin vətəndaşların yaşadığı ərazilərdə həyata keçirilməsini təmin etməkdir.

Qurum hesab edir ki, bu yanaşma həm vətəndaşların yaşadıqları əraziyə yaxın keyfiyyətli tibbi xidmət almasına, həm də iri şəhərlərdə yerləşən tibb müəssisələrinin yükünün optimallaşdırılmasına xidmət edəcək.

Vəkil Turan Abdullazadə bildirib ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və digər hüquqlarının həyata keçirilməsi üçün zəruri hüquqi mexanizmdir.

Onun sözlərinə görə, qeydiyyatsız yaşamaq qanunvericiliyin pozulması hesab olunur və inzibati məsuliyyət yaradır. Qeydiyyat olmadan şəxs səhiyyə, təhsil, sosial müdafiə və hərbi qeydiyyat kimi bir sıra dövlət xidmətlərindən tam şəkildə istifadə etməkdə çətinliklərlə üzləşə bilər. Praktikada isə qeydiyyatsız şəxslər şəxsiyyət vəsiqəsinin rəsmiləşdirilməsi, sosial yardımın alınması, uşağın məktəbə qəbulu və digər dövlət xidmətlərindən yararlanarkən müxtəlif maneələrlə qarşılaşırlar.

Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulub. Məcəllənin 563.1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməyən, yaxud qeydiyyata alınma və qeydiyyatdan çıxma qaydalarına əməl etməyən şəxslərə xəbərdarlıq edilir və ya 30 manat məbləğində cərimə tətbiq olunur.

Turan Abdullazadə əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 563.2-ci maddəsinə əsasən, vəzifəli şəxslər tərəfindən fiziki şəxslərin qeydiyyata alınmasından əsassız imtina edilməsinə, qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb olunmasına və ya qeydiyyat prosesində süründürməçiliyə yol verilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər