Mürsəl İbrahimov hərbi vəzifəliləri təlim-toplanışlarda fəal iştirak etməyə çağırıb
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib ki, vətəndaşların hərbi təlim-toplanışlara marağı artmaqdadır.
Operativ Media xəbər verir ki, APA İnformasiya Agentliyinə və REAL televiziyasına müsahibəsində o qeyd edib ki, artıq təlim-toplanışlara könüllü şəkildə cəlb olunmaq üçün quruma müraciət edən vətəndaşlar da var.
Mürsəl İbrahimovun sözlərinə görə, bəzi vətəndaşlar müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra dövlət qurumu ilə əlaqələrinin bitdiyini düşünsələr də, əslində belə deyil. O izah edib ki, ordu sıralarından tərxis olunan şəxslər hərbi vəzifəli kimi qeydiyyata alınır və ehtiyata buraxılır.
Xidmət rəisi vurğulayıb ki, hərbi təlim-toplanışlarda iştirak qanunvericiliklə nəzərdə tutulur və bu prosesdə hərbi vəzifəlilərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. O, hərbi vəzifəliləri çağırışlara həssas yanaşmağa və təlim-toplanışlarda aktiv iştirak etməyə çağırıb.