Temperatur dəyişiklikləri ürək xəstələri üçün hansı riskləri yaradır?
Havanın temperaturunda baş verən kəskin dəyişikliklər ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Xüsusilə isti və soyuq havanın növbələşməsi orqanizmin uyğunlaşma mexanizminə təsir göstərərək ürəyin fəaliyyətində əlavə yüklənməyə səbəb ola bilər. Bəs temperatur dəyişiklikləri ürək xəstələri üçün hansı riskləri yaradır və bu şəxslər hansı hallarda daha diqqətli olmalıdırlar?
Mövzu ilə bağlı Operativ Media-ya kardioloq Rəhilə İsmayılova danışıb.
O bildirib ki, ilk növbədə bədən temperaturunun hansı səbəbdən yüksəldiyi müəyyən edilməlidir. Çünki temperaturun yaranması hər zaman ürək xəstəlikləri ilə əlaqəli olmur:
“Əgər bu hal ürəkdənkənar səbəblərdən, məsələn, infeksion xəstəliklərdən qaynaqlanırsa, araşdırmalar da həmin istiqamətdə aparılmalıdır. Bunun üçün xəstənin ümumi vəziyyəti, şikayətləri və laborator analizlərinin nəticələri nəzərə alınmalıdır. Eyni zamanda, orqanizmdə iltihabi proseslərin, revmatoloji xəstəliklərin və temperatur yüksəlməsinə səbəb ola biləcək digər amillərin olub-olmadığı da araşdırılmalıdır.
O bildirib ki, temperaturun birbaşa ürək xəstəlikləri ilə əlaqəli olması nadir hallarda müşahidə edilir. Belə hallar əsasən ürək toxumalarında ciddi iltihabi proseslər, o cümlədən pankardit kimi xəstəliklər zamanı meydana çıxa bilər. Lakin bu cür vəziyyətlərdə də temperaturun yüksəlməsi xəstəliyin digər əlamətləri və klinik mənzərəsi ilə birlikdə qiymətləndirilməlidir.
Həkim qeyd edib ki, ürəkdənkənar səbəblərdən yaranan temperatur da ürəyin fəaliyyətinə təsirsiz ötüşmür. Belə ki, infeksiya və ya digər iltihabi proseslər zamanı bədən temperaturunun yüksəlməsi ürək döyüntülərinin sürətlənməsinə, yəni taxikardiyaya səbəb ola bilər. Bu zaman ürək ritminin artması temperaturun ürək xəstəliyindən qaynaqlandığını göstərmir. Əksinə, ürək döyüntülərinin sürətlənməsi orqanizmin temperatur yüksəlməsinə verdiyi reaksiyalardan biri ola bilər”.