Vüqar Bayramov: Qarabağ Azərbaycanın iqtisadi inkişafının əsas drayverlərindən birinə çevriləcək
ƏZəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə qısa müddət ərzində genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi mühüm nəticələrin əldə olunmasına imkan yaradıb. Ötən müddət ərzində həmin ərazilərin bərpasına 26 milyard manat vəsait ayrılması da bu istiqamətdə görülən işlərin miqyasını göstərir.
Bu sözləri Operativ Media-ya deputat Vüqar Bayramov deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, məskunlaşma prosesi də davam edir:
“Zəfərdən sonra artıq Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş ərazilərimizdə 100 mindən çox vətəndaşımız yaşayır, işləyir və təhsil alır. Onların 42 mini keçmiş məcburi köçkünlərdir və həmin ərazilərdə daimi olaraq məskunlaşıblar.
Bu gün məskunlaşma prosesinin daha da genişləndirilməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritet istiqamətlərindən biridir. Cənab Prezidentin göstərişinə uyğun olaraq, hər bir keçmiş məcburi köçkün ailəsinə mənzil təklif edilməsi prosesi də həyata keçirilir. Sözsüz ki, ərazilərdə infrastruktur formalaşdıqdan sonra məskunlaşmanın daha sürətlə aparılması mümkün olacaq.
Bu baxımdan əsas məqsəd hər bir keçmiş məcburi köçkün ailəsinin işğaldan azad olunmuş ərazilərdə mənzillə təmin edilməsidir. Bütövlükdə, uzun müddət işğal altında olmuş ərazilərimizin azad edildikdən sonra qısa müddətdə tamamilə dəyişdiyini və həmin ərazilərdə iqtisadi potensialın formalaşdığını müşahidə edirik.
Bütün bunlar onu göstərir ki, Qarabağ növbəti dövrdə Azərbaycanın iqtisadi inkişafının əsas drayverlərindən birinə çevriləcək”.