Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq cinayət işi başlanılıb
"Operativ Media" xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.
Bildirilib ki, 11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.






