Menyu

Ombudsman bəyanat yayıb

Operativ Media
Ombudsman bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 30 Avqust – Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb.

Operativ Media-nın məlumatına görə, bəyanatda qeyd olunub ki, münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, onların ailələrinin və bütövlükdə cəmiyyətin həqiqəti bilmək hüququnun təmin edilməsi beynəlxalq hüququn fundamental tələblərindəndir.

Ombudsman bildirib ki, 1949-cu il Cenevrə Konvensiyaları, onların Əlavə Protokolları və BMT-nin Bütün şəxslərin məcburi yoxaçıxmalardan müdafiəsi üzrə Beynəlxalq Konvensiyası dövlətlərin itkin düşmüş şəxslərin taleyinin araşdırılması və ailələrin məlumat əldə etməsi istiqamətində səmərəli tədbirlər görmək öhdəliyini müəyyən edir.

Bəyanatda vurğulanıb ki, Azərbaycan üçün itkin düşmüş şəxslər məsələsi uzun illər davam edən silahlı münaqişələrin ağır nəticələri səbəbindən xüsusi aktuallıq daşıyır. Birinci və İkinci Qarabağ müharibələri nəticəsində minlərlə ailə itkin düşmüş yaxınlarının taleyi barədə məlumat əldə edə bilməyib.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına əsasən, Birinci Qarabağ müharibəsi nəticəsində 4 mindən artıq Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Ombudsmanın bəyanatında qeyd edilib ki, İkinci Qarabağ müharibəsindən və lokal xarakterli antiterror əməliyyatından sonrakı dövrdə azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib.

Həyata keçirilən axtarış, ekshumasiya, məhkəmə-tibbi ekspertiza və identifikasiya tədbirləri nəticəsində insan qalıqlarından 328 nəfərin şəxsiyyəti DNT və məhkəmə-tibbi ekspertizası vasitəsilə müəyyənləşdirilib. Onlardan 250 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub.

Bununla belə, hazırda 3682 Azərbaycan vətəndaşının taleyinin naməlum olaraq qaldığı bildirilib.

Ombudsman hesab edir ki, bu fakt itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində beynəlxalq humanitar əməkdaşlığın daha praktik, operativ və nəticəyönümlü tədbirlərlə gücləndirilməsinin zəruriliyini göstərir.

Bəyanatda qeyd olunub ki, zaman keçdikcə maddi sübutların itməsi və ya yararsız hala düşməsi, şahidlərin sayının azalması və məlumatların məhdud olması itkinlərin taleyinə aydınlıq gətirilməsi prosesini daha da çətinləşdirir.

Səbinə Əliyeva beynəlxalq humanitar təsisatları, eləcə də münaqişə tərəfi olmuş dövlətləri kütləvi məzarlıqlar barədə məlumatların paylaşılması, DNT və məhkəmə-tibbi ekspertizası sahəsində əməkdaşlığın genişləndirilməsi və itkin düşmüş şəxslərin taleyinin müəyyən olunması istiqamətində səyləri artırmağa çağırıb.

Ombudsman həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatları, milli insan hüquqları institutlarını bu humanitar məsələyə xüsusi həssaslıqla yanaşmağa və praktik nəticələrin əldə olunmasına yönəlmiş birgə əməkdaşlığı gücləndirməyə dəvət edib.

Bəyanat BMT-nin Baş Katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası və ATƏT-in rəhbərlərinə, eləcə də bir sıra beynəlxalq və regional ombudsman qurumlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına göndərilib.

Bəyanat Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, həmçinin Azərbaycanın diaspor təşkilatlarına da təqdim olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər