Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri və ödənişlər müəyyən edilib
Azərbaycan Respublikası Su Məcəlləsinin 38-ci maddəsinə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Operativ Media-ya verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli 69 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri” təsdiq edilib.
Qərara əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin üç əsas növü müəyyən edilib:
1. su obyektlərindən su götürməklə istifadə; 2. su obyektlərindən (akvatoriyadan) su götürmədən istifadə; 3. su obyektlərindən tullantı sularının axıdılması üçün istifadə.
Bununla yanaşı, bir sıra fəaliyyətlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir. Bunlara su obyektlərində yerin təkindən istifadə və ya yeraltı qurğuların tikintisi və istismarı zamanı lay sularının çıxarılması, gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) su obyektlərinin akvatoriyasında hərəkəti və onların texnoloji avadanlıqlarının işini təmin etmək üçün suyun götürülməsi, boru kəmərlərinin və ya kabellərin çəkilməsi məqsədilə su obyektlərindən istifadə, həmçinin fiziki və hüquqi şəxslərin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların istismarı zamanı yeraltı suyun çıxarılması daxildir.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər müəyyən edilərkən su təsərrüfatı obyektlərindən su təchizatı və tullantı sularının axıdılması üzrə mövcud qiymətlərlə müqayisədə xeyli aşağı tariflər tətbiq edilib.
Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən 10 000 litr su üçün ödəniş 4 qəpik müəyyən edilib. Çay və göllərdən sənaye məqsədilə götürülən 1000 litr su üçün 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 1 qəpik ödəniş nəzərdə tutulub.
Yeraltı sulardan sənaye məqsədilə götürülən 1000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən 100 000 litr su üçün isə 2 qəpik müəyyən edilib.
Tullantı sularının su obyektlərinə axıdılmasına görə də müvafiq tariflər tətbiq olunur. Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik ödəniş müəyyən edilib. Çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə hər 1000 litr üçün 4 qəpik ödəniş nəzərdə tutulub.
Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldığı halda, müəyyən edilmiş ödənişlər 0,7 əmsalı tətbiq edilməklə hesablanır.
Müəyyən edilmiş tariflərdən də göründüyü kimi, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlər aşağı səviyyədə müəyyənləşdirilib. Xüsusilə kənd təsərrüfatı sahəsində hər 1000 litr su üçün ödəniş 1 qəpikdən də aşağıdır.
Tətbiq edilən ödənişlərin kənd təsərrüfatı məhsullarının qiymətinə təsir göstərməsi gözlənilmir və bu tariflər həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün əhəmiyyətli əlavə maliyyə yükü yaratmır.
Yeni mexanizmin tətbiqi su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, eləcə də su ehtiyatlarının mühafizəsinin və dayanıqlı idarə olunmasının təmin edilməsinə xidmət edir.
dəqiqələr içində saytın olsun.