Qanda şəkər və insulin dirəncini təbii yolla idarə etməyin yolları - Həkim danışır
Hazırda insanların qanında müəyyən miqdarda qlükoza olması normal fizioloji haldır. Qanda şəkərin səviyyəsinə qidalanma, yuxu rejimi, stress, fiziki aktivlik və ümumi həyat tərzi təsir göstərə bilər. Bu göstəricidə vaxtaşırı baş verən dəyişikliklər isə avtomatik olaraq şəkərli diabet və ya prediabet diaqnozu anlamına gəlmir.
Bu sözləri Operativ Media-ya endokrinoloq Samirə Süleymanova deyib.
O bildirib ki, lakin həyat tərzinin düzgün qurulmaması uzun müddət ərzində insulinə həssaslığın azalmasına və nəticədə prediabet və 2-ci tip şəkərli diabet riskinin artmasına səbəb ola bilər. Buna görə də gələcəkdə yaranacaq problemlərin qarşısını almaq üçün gündəlik həyat tərzində bir sıra sadə, lakin vacib dəyişikliklər etmək mümkündür:
“İlk növbədə keyfiyyətli və kifayət qədər yuxu vacibdir. Yuxu rejiminin pozulması orqanizmdə hormonların tənzimlənməsinə, maddələr mübadiləsinə və insulinə həssaslığa mənfi təsir göstərə bilər. Buna görə yuxunun həm müddətinə, həm də keyfiyyətinə diqqət yetirmək lazımdır. Xüsusilə gecə saatlarında yatmaq və stabil yuxu rejimi saxlamaq önəmlidir.
İkinci əsas məsələ düzgün qidalanmadır. Burada məqsəd bütün karbohidratları qida rasionundan çıxarmaq deyil. Karbohidratların növü və miqdarı böyük əhəmiyyət daşıyır. Liflə zəngin, daha az emal olunmuş və yavaş həzm olunan karbohidratlar qan şəkərinin daha tədricən yüksəlməsinə kömək edə bilər. Buna görə karbohidratların tamamilə məhdudlaşdırılması deyil, düzgün seçilməsi daha məqsədəuyğundur. Xüsusi qidalanma məhdudiyyətləri isə həkim və ya dietoloqla məsləhətləşilərək müəyyən edilməlidir.
Üçüncü vacib amil fiziki aktivlikdir. Müntəzəm hərəkət əzələlərin qlükozadan istifadə etməsinə kömək edir və insulinə həssaslığı yaxşılaşdıra bilər. Bu da qanda qlükoza səviyyəsinin nəzarətdə saxlanmasına müsbət təsir göstərir.
Burada insulinin rolunu da düzgün izah etmək vacibdir. İnsulin qanda şəkəri “parçalayan” hormon deyil. Onun əsas funksiyalarından biri qlükozanın qandan hüceyrələrə daxil olmasına kömək etməkdir. Sadə şəkildə desək, insulin hüceyrələrin qlükozanı qəbul etməsinə şərait yaradır. Fiziki aktivlik artdıqda isə əzələlərin qlükozadan istifadəsi yaxşılaşır və bu, qanda şəkərin tənzimlənməsinə kömək edir.
Beləliklə, sağlam qidalanma, keyfiyyətli yuxu və müntəzəm fiziki aktivlik qanda şəkərin sağlam diapazonda saxlanmasına və gələcəkdə insulin müqaviməti, prediabet və 2-ci tip şəkərli diabet riskinin azaldılmasına kömək edən əsas həyat tərzi amillərindəndir”.
dəqiqələr içində saytın olsun.