Aç qarına qəhvə içmək orqanizmə nə edir? - Həkim danışır
Səhər saatlarında acqarına qəhvə içmək bir çox insanın gündəlik vərdişidir. Qəhvənin tərkibindəki kofein orqanizmdə ayıqlığı və diqqəti artıraraq insanın özünü daha gümrah hiss etməsinə kömək edə bilər.
Bu sözləri Operativ Media-ya hepatoloq terapevt Sevinc Abasova deyib.
O bildirib ki, qəhvənin qaraciyər üçün də müəyyən müsbət təsirləri olduğu göstərilir. Xüsusilə müntəzəm, ölçülü qəhvə istehlakı qaraciyər sağlamlığı ilə bağlı bəzi faydalı təsirlərlə əlaqələndirilir:
“Lakin bu, qəhvənin mütləq acqarına içilməsinin qaraciyər üçün daha faydalı olduğu anlamına gəlmir. Əksinə, acqarına qəhvə bəzi insanlarda mədə turşusunun artmasına, yanma, narahatlıq və mədə ağrısına səbəb ola bilər. Xüsusilə qastrit, reflüks və xora kimi mədə-bağırsaq problemləri olan şəxslər acqarına qəhvə qəbul edərkən daha diqqətli olmalıdırlar.
Qəhvə həmçinin tərkibindəki kofein hesabına mərkəzi sinir sistemini stimullaşdırır, yuxululuğu azaldır və müvəqqəti olaraq enerji və ayıqlıq hissini artırır. Bəzi insanlarda kofein qan təzyiqinin qısa müddətə yüksəlməsinə səbəb ola bilər. Bu səbəbdən aşağı təzyiqi olan şəxslər qəhvə qəbul etdikdə özlərini daha yaxşı hiss edə bilərlər. Lakin qəhvə aşağı təzyiqin müalicəsi və ya təzyiqi davamlı şəkildə normallaşdıran vasitə hesab edilmir.
Yəni qəhvənin faydası və təsiri insandan-insana dəyişir. Sağlam insan üçün ölçülü qəhvə istehlakı adətən problem yaratmasa da, acqarına içildikdə mədə narahatlığı yaradırsa, onu yeməkdən sonra qəbul etmək daha uyğun seçimdir”.
dəqiqələr içində saytın olsun.