Olivye Jiru karyerasını bitirəcəyi vaxtı açıqlayıb
“Lill”in hücumçusu Olivye Jiru 2026/27 mövsümünün sonunda futbolçu karyerasını başa vurma ehtimalının yüksək olduğunu bildirib.
Operativ Media xəbər verir ki, 39 yaşlı forvard bu barədə “L'Equipe”ə açıqlamasında danışıb. Jiru bildirib ki, hazırkı mövsümün onun futbolçu kimi sonuncu mövsümü olacağını düşünür və qalan vaxtın hər anından zövq almağa çalışır.
Fransalı hücumçu 2025-ci ilin iyulundan “Lill”də çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Jiru karyerası ərzində “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi”, “Milan” və “Los-Anceles” klublarında da forma geyinib.
O, “Monpelye” ilə Fransa, “Milan”la isə İtaliya çempionu olub. “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kuboku və üç dəfə İngiltərə Superkubokunu qazanan futbolçu “Çelsi” ilə Avropa Liqası, Çempionlar Liqası və İngiltərə Kubokunda titul əldə edib.
Jiru 2018-ci ildə Fransa millisinin heyətində dünya çempionu olub. O, yığmanın tarixində ən məhsuldar ikinci futbolçudur. Hücumçu Fransa millisində 137 oyunda 57 qol vurub.
Jiru AVRO-2024-dən sonra milli komandadakı karyerasını başa vurub.
dəqiqələr içində saytın olsun.