Menyu

Ev alarkən hansı ərazilərdən uzaq durmaq lazımdır?

Ayşən Sadıxzadə
Ev alarkən hansı ərazilərdən uzaq durmaq lazımdır?
2 dəq oxu

Daşınmaz əmlak alarkən çox vacib məsələlərdən biri onun hansı ərazidə yerləşməsidir. Yəni coğrafi yerləşmə amili xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri Operativ Media-ya əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

O bildirib ki, rieltorlar bəzən bu coğrafi yanaşmanı tətbiq etmirlər. Yalnız mənzilin qiymətinə və müəyyən ərazilərdəki təkliflərə diqqət yetirirlər. Halbuki coğrafi yerləşmə çox ciddi məsələdir:

“Vətəndaş gələcəkdə hansı ərazidə yaşayacağını əvvəlcədən dəqiq müəyyən etməlidir. Burada bir sıra vacib şərtlər nəzərə alınmalıdır. Məsələn, mənzilin iş yerinə yaxın olması, gələcəkdə övladların məktəbə getməsi, təhsil müəssisələrinin və uşaq bağçalarının yerləşməsi, valideynlərə yaxınlıq kimi məsələlər önəmlidir. Tutaq ki, gənc ailədir və gələcəkdə övladları olduqda onları valideynlərinin yanında saxlamaq, aparıb-gətirmək lazım gələcək. Bu zaman məsafənin uzun olması əlavə vaxt itkisinə səbəb ola bilər.

Ərazinin inkişaf perspektivi, yol və nəqliyyat infrastrukturu da mühüm amillərdəndir. Yəni vətəndaş ilk növbədə şəhərin hansı rayonunda və ərazisində mənzil almaq istədiyini müəyyən etməlidir.

İkinci məsələ insanların fərdi tələbatları ilə bağlıdır. Ola bilər ki, bəzi şəxslər ekologiyaya daha çox diqqət yetirirlər. Bu baxımdan park zonalarına yaxınlıq, sənaye obyektlərindən uzaqlıq və daha sakit ərazilərdə yerləşmə onlar üçün vacibdir.

Bundan başqa, şəhərin hansı istiqamətində mənzil alınması da ciddi məsələdir. Məsələn, şəhərin yuxarı hissəsi hesab olunan şimal ərazilərində qış daha sərt keçir. Bu ərazilərdə qar yağır, yollar buz bağlayır. Bakı şəhərini nümunə götürsək, Yeni Yasamal, Yasamal və bəzi mikrorayonlarda qış aylarında gediş-gəliş o qədər də əlverişli olmur. Lakin yay aylarında həmin ərazilərdə hava, əksinə, daha sərin keçir.

Şəhərin nisbətən aşağı hissəsində, dənizkənarı ərazilərdə isə qış daha mülayim olur. Bununla belə, yay aylarında həmin yerlərdə nəmişlik daha çox hiss edilir. Məsələn, dənizdən bir-iki kilometr məsafədə yerləşən ərazilərdə belə nəmişlik səviyyəsi nisbətən yüksək ola bilər. İstehlakçılar mənzil alarkən bu amilləri də nəzərə almalıdırlar.

Digər mühüm məsələ sənaye zonaları ilə bağlıdır. Bəzi sənaye əraziləri vaxtilə Bakı şəhərinin və digər şəhərlərin planlaşdırılması zamanı yaşayış zonası kimi nəzərdə tutulmayıb. Məsələn, Bakıda Dərnəgül ərazisi, Dərnəgül şossesinin sağ və sol hissələri, eləcə də Dərnəgül şossesi ilə Heydər Əliyev prospekti arasındakı sahələr vaxtilə sənaye zonaları olub. Bu baxımdan həmin ərazilər ekoloji və yaşayış şəraiti nöqteyi-nəzərindən o qədər də əlverişli hesab edilmir.

Lakin güman ki, zamanla həmin ərazilərin bir qisminin yaşayış zonasına çevrilməsi məsələsinə də baxılacaq. Bu baxımdan onların gələcəkdə inkişaf edən ərazilər kimi formalaşması mümkündür”.

Əlaqəli Xəbərlər