ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirərək ölkənin maliyyə əməliyyatlarına, o cümlədən özəl sektora dair yeni məhdudiyyətlər tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yeni qaydalara əsasən, Kuba təhlükəsizlik strukturları və "Grupo de Administración Empresarial S. A." (GAESA) konqlomeratı ilə əlaqəli təşkilatlarla hər hansı maliyyə əməliyyatının aparılması qadağan edilib.
Bundan başqa, Maliyyə Nazirliyi 2024-cü ildən qüvvədə olan və ABŞ banklarına Kuba ilə bağlı müəyyən dollar ödənişlərini emal etməyə imkan verən ümumi lisenziyanı ləğv edib. Bu imkan ödənişin mənbəyi və təyinatı ABŞ-dən kənarda olduğu və ABŞ vətəndaşlarının maraqlarına toxunmadığı hallara şamil edilirdi.
ABŞ banklarının Kuba vətəndaşı olan müstəqil özəl sahibkarların adına hesab açmasına və həmin hesabları idarə etməsinə icazə verən qərar da qüvvədən düşüb. Kuba özəl sektorunun ABŞ bank sisteminə çıxışına 2024-cü ildə prezident Co Baydenin dövründə, özəl sektoru dəstəkləmək məqsədilə icazə verilmişdi.
ABŞ Maliyyə Nazirliyi həmçinin Barak Obamanın prezidentliyi dövründə ABŞ vətəndaşları üçün icazə verilmiş bəzi səfər kateqoriyalarına məhdudiyyətlər tətbiq edib. Mədəni mübadilə proqramları, eləcə də konfrans və mütəxəssis görüşlərində iştirak etmək üçün bundan sonra ABŞ hakimiyyət orqanlarının icazəsi tələb olunacaq.
ABŞ hökumətinin məlumatlarına görə, Kubanın ölkədən idxalı son dövrdə əhəmiyyətli dərəcədə artıb. İyul ayında Kubanın ABŞ-dan 149 milyon dollar dəyərində məhsul aldığı bildirilib ki, bu da 1992-ci ildən bəri bir ay üzrə ən yüksək göstəricidir.
Cari ilin yanvar-iyul aylarında idxalın həcmi 674 milyon dolları keçib. Bu rəqəm 2025-ci il ərzində qeydə alınan ümumi idxalın demək olar ki, hamısına bərabərdir.
ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı əvvəlki ticarət embarqosunun müddətini 14 sentyabr 2027-ci ilədək uzadıb.
Kuba hakimiyyəti Vaşinqtonun təzyiqlərinin yanacaq çatışmazlığına, elektrik enerjisinin verilməsində fasilələrə və iqtisadi böhranın dərinləşməsinə səbəb olduğunu bildirir. Tramp isə daha əvvəl dəfələrlə adaya nəzarəti “ələ keçirmək”lə bağlı təhdidlər səsləndirib.
dəqiqələr içində saytın olsun.