Milli Məclisdə Azərbaycançılıq İnstitutunun yaradılması təklif edilib
“İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet və kiberhücumlar, süni intellekt dövründə”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, son zamanlar Azərbaycana qarşı ideoloji zəmində hibrid hücumlar milli ideologiya və ideoloji təhlükəsizlik məsələlərini aktuallaşdırıb.
Onun sözlərinə görə, Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən azərbaycançılığın məzmununun zənginləşdirilməsi və cəmiyyətə daha geniş izah olunması vacibdir.
T.Mirkişili ümummilli lider Heydər Əliyevin milli ideologiya ilə bağlı fikirlərini xatırladaraq qeyd edib ki, azərbaycançılığın əsasını dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər təşkil edir.
Deputatın fikrincə, bu ideologiyanın təbliği və inkişafı istiqamətində elmi tədqiqatların genişləndirilməsinə ehtiyac var.
O, Azərbaycanda Azərbaycançılıq İnstitutunun yaradılmasını təklif edib və belə bir qurumun milli ideologiyanın məzmununun zənginləşdirilməsinə töhfə verə biləcəyini bildirib.
