Vüqar Bayramov: Azərbaycanın Mərkəzi Asiya ilə ticarəti sürətlə genişlənir
“Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 2025-ci ildə 1 milyard 765 milyon dolları ötüb”.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında deyib.
Deputat bildirib ki, 2024-cü ildə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 1 milyard 152 milyon dollar təşkil edib. Ötən il göstəricinin 50 faizdən çox artması region dövlətləri ilə iqtisadi əlaqələrin genişləndiyini göstərir.
V.Bayramovun sözlərinə görə, son beş ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artaraq 77,2 milyon dollara çatıb. O, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının inkişafında beynəlxalq yükdaşımaların da mühüm yer tutduğunu vurğulayıb. Deputat qeyd edib ki, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi bu ilin ilk səkkiz ayında 20 faiz artıb.
Deputat oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının əhəmiyyətinə də diqqət çəkib. Bildirib ki, Azərbaycan 2024-cü ildən etibarən bu platformaya sədrlik edir.
V.Bayramovun sözlərinə görə, 28 dövlətin üzv olduğu AQEM-də 10 ölkə müşahidəçi statusunda təmsil olunur. Üzv dövlətlərin payına dünya ümumi daxili məhsulunun təxminən 40 faizi düşür. ABŞ və Yaponiya kimi ölkələrin də platformada müşahidəçi statusunda iştirakı əməkdaşlığın iqtisadi və siyasi əhatəsini genişləndirir.
Deputat vurğulayıb ki, Azərbaycanın AQEM üzvü olan dövlətlərlə iqtisadi əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının tanıdılması və yeni tərəfdaşlıqların qurulması prioritet istiqamətlərdəndir.
O əlavə edib ki, Azərbaycanın çoxvektorlu xarici siyasəti həm Qərb, həm də Şərq ölkələri ilə əməkdaşlığın inkişafına, geosiyasi mövqeyinin möhkəmlənməsinə və regional təhlükəsizliyə töhfə verir.