Menyu

Əminə Məlikova: Geyim mədəniyyəti məktəb mühitinin bir hissəsidir

Ayşən Sadıxzadə
Əminə Məlikova: Geyim mədəniyyəti məktəb mühitinin bir hissəsidir
1 dəq oxu

Vahid məktəbli forması uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və şagirdlər arasında sosial fərqlərin daha az nəzərə çarpmasına kömək edir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib.

Ə.Məlikovanın sözlərinə görə, məktəb hər bir uşağın özünü kollektivin üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır. Bununla yanaşı, geyim qaydaları uşaqlara və valideynlərə həssaslıqla izah edilməli, müəllimlər də bu məsələdə nümunə göstərməlidirlər.

Muzey direktoru milli ənənələrin qorunmasının əhəmiyyətinə də toxunub. O bildirib ki, gənclərin milli geyim elementlərinə, xüsusilə kəlağayıya maraq göstərməsi sevindirici haldır.

“Milli geyimdə keçirdiyimiz hissləri sözlə ifadə etmək çətindir: əvvəlki nəsillərlə xüsusi bir bağlılıq duyuruq. Kəlağayı isə bu bağlılığı müasir geyimimizdə də yaşatmaq üçün gözəl bir vasitədir”, – deyə o vurğulayıb.

Ə.Məlikova məktəblərdə tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə həsr olunan tədbirlərdə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də alqışlayıb.

“Mənim üçün bu, ardıcıl bir yanaşmadır: gündəlik məktəb həyatında vahid geyim formasına riayət edir, müvafiq mədəni tədbirlərdə isə uşaqları milli geyimimiz və onun mənası ilə tanış edirik”, – deyə muzey direktoru bildirib.

O, öz məktəb illərini xatırladaraq vahid formanın şagirdlər arasında bərabərlik hissini gücləndirdiyini qeyd edib. Ə.Məlikovanın sözlərinə görə, məktəbli forması diqqətin geyimə və zahiri fərqlərə deyil, dərslərə və bilik əldə etməyə yönəlməsinə kömək edirdi.

Muzey direktoru müəllimlərin geyiminin də tədris mühitinə uyğun olmasının vacibliyini vurğulayıb. Onun fikrincə, müəllimin geyimi səliqəli və sadə olmalı, uşaqların diqqətini təhsil prosesindən yayındırmamalıdır.

Ə.Məlikova əlavə edib ki, məktəb uşaqlara biliklə yanaşı, tərbiyə, qarşılıqlı hörmət və ümumi qaydalara əməl etmək vərdişləri də aşılamalıdır.

Əlaqəli Xəbərlər