Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək
Oktyabrın 15-16-da Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunan beynəlxalq konfrans keçiriləcək. Dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirəcək İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından biri olacaq.
Operativ Media xəbər verir ki, konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət–özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənlərin əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirilmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir. Konfrans çərçivəsində ABŞ, İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış mütəxəssislərin iştirakı nəzərdə tutulur. Tədbirdə, həmçinin Azərbaycanın dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri bölüşəcəklər. Konfransın 200-ə yaxın yerli və beynəlxalq iştirakçını qəbul etməsi planlaşdırılır.
Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi, Birgə və Sağlam İctimai Birliyi tərəfindən təşkil olunur. Konfransın baş sponsoru “AzerGold” QSC, sponsorları isə “bp Azərbaycan”, AZAL və “AirArabia”dır. Tədbir Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, SOCAR “Midstream Gas Operations” eləcə də digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.
Beynəlxalq İnklüziv Məşğulluq Konfransı Azərbaycanın inklüziv məşğulluq ekosisteminin inkişafına töhfə verən, beynəlxalq tərəfdaşlıqları gücləndirən və hər kəs üçün bərabər məşğulluq imkanlarının təşviqinə xidmət edən mühüm platforma olacaq.