Du Keyros: Ailəm də Bakıdan və Azərbaycandan çox razıdır
"Sabah" futbol klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyros komandanın oyunu, klubdakı gələcəyi və karyera hədəfləri haqqında danışıb.
Operativ Media xəbər verir ki, futbolçu ilk növbədə keçirilən qarşılaşmanı və rəqibin gücünü dəyərləndirib:
“Düşünürəm ki, yaxşı oyun keçirdik. Fiziki cəhətdən çox güclü rəqibə qarşı mübarizə apardıq. Qarşılaşmanın taleyində əsasən uzun və dəqiq ötürmələr mühüm rol oynadı. Meydanda çoxlu ikili mübarizələrin yaşandığı bir oyun izlədik”.
Yarımmüdafiəçi növbəti matçlarda səhvlərdən nəticə çıxararaq inkişaf etməyin vacibliyini vurğulayıb:
“Futbolda hər şey mümkündür. Biz bütün oyunlarda qalib gəlmək istəyirik. Eyni zamanda, səhvlərimizdən nəticə çıxarmaq və təcrübə qazanmaq bizim üçün vacibdir. Növbəti oyunlarda daha da irəli getməyə, buraxdığımız səhvləri təhlil edərək inkişaf etməyə çalışacağıq”.
Du Keyros heyətin genişliyinə və komandanın iki cəbhədə mübarizə aparmaq potensiailına diqqət çəkib:
“Əminəm ki, komandamızın kifayət qədər ehtiyat oyunçusu var. Baş məşqçimizin hər iki cəbhədə mübarizə aparmaq üçün istifadə edə biləcəyi yetərli sayda futbolçumuz mövcuddur. Düşünürəm ki, hər iki turnirdə mübarizə aparmaq üçün gücümüz kifayət qədərdir”.
Braziliyalı oyunçu "Sabah"da özünü çox xoşbəxt hiss etdiyini bildirib:
“Bu, mənim üçün yeni çağırışdır. Ailəm, həyat yoldaşım da şəhərdən və ölkədən çox razıdır. Bura gəldiyim ilk gündən komanda yoldaşlarımın və klubun böyük dəstəyini hiss etdim. Onların münasibəti və davranışı yüksək səviyyədədir. Burada olduğum üçün çox xoşbəxtəm”.
Futbolçu gələcək karyera planlarından və Avropaya addımlamaq istəyindən də söz açıb:
“Bəli, bu, mənim üçün yeni çağırış və tramplindir. Avropanın digər klublarına keçmək baxımından yaxşı fürsətdir. İnanıram ki, gələcəkdə bu istəyimi reallaşdıra biləcəyəm”.