Britaniyanın yeganə buz patrul gəmisi sıradan çıxıb
Böyük Britaniyanın Antarktida istiqamətində patrul və tədqiqat fəaliyyəti həyata keçirən yeganə hərbi gəmisi “HMS Protector” mühərrikində yaranan nasazlıqlar səbəbindən sıradan çıxıb.
Operativ Media xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, gəmi Böyük Britaniyadan ayrılarkən mühərrikində eyni vaxtda iki nasazlıq qeydə alınıb. Bundan sonra gəmi yedəklənərək İngiltərənin cənub-qərbində yerləşən Devonport hərbi-dəniz bazasına aparılıb.
Britaniya Hərbi Dəniz Qüvvələrinin mütəxəssisləri gəminin təmirinin mümkünlüyünü araşdırırlar. Təmirin mümkün olmadığı müəyyənləşərsə, Kral Donanmasının Antarktida patrulu və tədqiqatları üçün nəzərdə tutulan bu gəmisinin 2030-cu ilədək əvəzlənməsi gözlənilmir.
“The Daily Telegraph”ın məlumatına görə, nasazlıqlar texniki xidmətin lazımi səviyyədə həyata keçirilməməsi ilə əlaqələndirilir. Nəşrə danışan mənbələrdən biri “HMS Protector”u təkcə Kral Donanması üçün deyil, bütün ölkə üçün mühüm gəmi adlandırıb. Digər mənbə isə baş verənləri “fəlakətli nasazlıq” kimi qiymətləndirib.
Gəmi əsasən Atlantik okeanının cənub hissəsində patrul xidməti aparır və Folklend adalarına dəstək göstərir. O, həmçinin Britaniyanın Antarktida ərazisində, Cənubi Corciya və Cənubi Sendviç adalarında mövcudluğunun təmin edilməsində mühüm rol oynayır.
2000-ci ildə Norveçdə kommersiya gəmiqayırma müəssisəsində inşa edilən “HMS Protector” 2011-ci ildə Kral Donanması tərəfindən illik 8,7 milyon funt sterlinqə icarəyə götürülüb. 2013-cü ildə isə Böyük Britaniya hökuməti gəmini mülkiyyətinə almaq üçün 51 milyon funt sterlinq ödəyib.
Gəminin heyəti 88 nəfərdən ibarətdir. “HMS Protector” adətən pulemyotlar da daxil olmaqla yüngül silahlarla təchiz olunur və göyərtəsində tez-tez Kral Dəniz Piyadalarının bölməsi yerləşdirilir.