Rəhman Daşdəmirov: İlk ev oyunumuzda belə bir nəticə əldə etmək qürurvericidir
"Sabah" futbol klubunun müdafiəçisi Rəhman Daşdəmirov "Slaviya" üzərində qazanılan qələbə, komandanın turnirdəki çıxışı və qarşıdakı planları barədə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, futbolçu ilk növbədə qalibiyyət sevincini ifadə edib:
“Hamınızı təbrik edirəm! Bu qələbəyə görə çox xoşbəxtəm. İlk ev oyunumuzda belə bir nəticə əldə etmək qürurvericidir. Komandamızla, baş məşqçimizlə və bütün komanda yoldaşlarımla fəxr edirəm. Bu hissləri sözlə ifadə etmək çətindir”.
Müdafiəçi rəqibin gücünə və matçın gedişatına da toxunub:
“Slaviya” güclü rəqib idi. Onların da real qol imkanları oldu. Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq”.
Daşdəmirov komandanın turnirdəki iddiasını və qazanılan motivasiyanı vurğulayıb:
“Düşünürəm ki, “Sabah” Çempionlar Liqasında mübarizə aparmağa layiq olduğunu göstərdi. Biz də ən yaxşı nəticələrə layiqik. Qarşıdakı oyunlarda maksimum xal toplamağa və xalqımızı sevindirməyə çalışacağıq. Qələbə qazanmaq bizə əlavə motivasiya verir”.
O, növbəti oyun cədvəlinə və komandanın diqqətini yönəltdiyi matçlara diqqət çəkib:
“Dortmund klubu ilə oyundan əvvəl “Qəbələ” ilə səfər qarşılaşmamız var. Hazırda diqqətimizi həmin matça yönəltmişik. Bu oyundan sonra Almaniya təmsilçisi ilə görüşə hazırlaşacağıq”.
Sonda futbolçu ev oyunları ilə bağlı hədəflərini dile gətirib:
“Qarşıdakı ev oyunlarının hər birində qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, bunu bacaracağıq”.