Tramp İrana qarşı yeni addımlar atılacağını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin yaxın vaxtlarda başa çatacağını bildirib, eyni zamanda Tehrana qarşı yeni addımlar atıla biləcəyini istisna etməyib.
Operativ Media xəbər verir ki, Tramp bu barədə Alyaska ştatında Konqresə keçiriləcək aralıq seçkiləri ilə bağlı mitinqdə çıxışı zamanı danışıb.
“İranla bağlı nə edəcəyimizi gözləyin və görün. Onlarla bir oyun oynayacağıq. Çünki, ümumiyyətlə, artıq bütün bunlardan bezmişik”, – deyə ABŞ lideri bildirib. O, Vaşinqtonun mümkün addımları barədə əlavə məlumat verməyib.
Tramp ABŞ-nin qələbəyə çox yaxın olduğunu vurğulayaraq müharibənin tezliklə başa çatacağını deyib.
ABŞ Prezidenti oktyabrın 8-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərədək İrana zərbələr endirmək niyyətində olmadıqlarını açıqlamışdı.
ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə döyüşlərin dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı razılaşma şərtlərinin pozulduğunu əsas gətirərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.
Daha sonra ABŞ administrasiyası genişmiqyaslı hərbi güc tətbiqini dayandırmağa və sanksiyalar vasitəsilə İrana iqtisadi təzyiq göstərməyə çalışacağına dair mövqe nümayiş etdirib.