Coy-Lens Mikels: “Borussiya” ilə matçda daha yaxşı çıxış etməliyik
"Sabah" futbol klubunun ruandalı hücumçusu Coy-Lens Mikels "Slaviya" üzərində qazanılan qələbə, vurduğu qol və qarşılaşmanın ən yaxşı oyunçusu seçilməsi barədə danışıb.
Operativ Media xəbər verir ki, hücumçu ilk növbədə rəqibin gücünə və oyunun gedişatına toxunub:
“Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. “Slaviya”nın meydanda hansı üslubda çıxış edəcəyini təxmin edirdik və buna uyğun hazırlaşmışdıq. Öz oyunumuzu göstərməyə çalışsaq da, bunu etmək asan deyildi. Çempionlar Liqasında bütün komandalar öz ölkələrinin çempionlarıdır. Belə bir turnirdə isə hər cür ssenari ilə qarşılaşmaq mümkündür”.
Mikels oyunun ikinci hissəsindəki irəliləyişi və növbəti matçla bağlı gözləntilərini dilə gətirib:
“İlk hissədə bir qədər bəxtimizin gətirdiyini düşünürəm. Fasilədən sonra meydana daha yaxşı qayıtdıq və oyunumuzda irəliləyiş oldu. Bununla belə, “Borussiya” ilə matçda daha yaxşı çıxış etməliyik. Bu qələbə ilə fəxr edirik. Bizi stadionda dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Ümidvaram ki, gələn həftə Dortmund təmsilçisi ilə görüşdə tribunaları daha çox azarkeş dolduracaq və onların dəstəyi bizə əlavə güc verəcək”.
Forvard qarşılaşmada vurduğu xüsusi qolu da dəyərləndirib:
“Bu qol mənim üçün xüsusi əhəmiyyət daşıyır. Düzünü desəm, zərbə zamanı bir qədər bəxtim gətirdi. Amma nəticədə əsas olan topun qapıdan keçməsidir. Çempionlar Liqasında yenidən fərqlənmək mənə xüsusi hisslər yaşadır”.
O, matçın ən yaxşı oyunçusu mükafatına layiq görülməsinə də münasibət bildirib:
“Bu mükafata layiq görülməkdən məmnunam. Ancaq Akim Zedadka çox yaxşı oynadı, İvan Lepinitsa da əla çıxış etdi. Hətta düşünürəm ki, bəzi komanda yoldaşlarım bu ada məndən daha çox layiq idilər. Müdafiədə həqiqətən möhtəşəm oynadılar. Bununla belə, fərdi mükafatı qazandığım üçün qürurluyam. Bu, “Sabah”ın tarixində ilk belə nailiyyətdir. Buna görə təşəkkür edirəm”.