Bakıda Beynəlxalq Pərakəndə Forumu 2026 keçiriləcək
Forum dövlət qurumlarını, pərakəndə ticarət şəbəkələrini, yerli istehsalçıları və beynəlxalq tərəfdaşları bir araya gətirəcək.
Operativ Media xəbər verir ki, 8 dekabr 2026-cı il tarixində Bakıda, Gülüstan Sarayında “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin təşkilatçılığı ilə Beynəlxalq Pərakəndə Forumu 2026 keçiriləcək.
“Dialoq. Gələcək. İqtisadiyyat.” şüarı altında təşkil olunan forum müasir pərakəndə ticarətin inkişaf perspektivlərinin, sektorun strateji əhəmiyyətinin və mövcud çağırışlarının müzakirəsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və dövlət-biznes dialoqunun gücləndirilməsi üçün yüksək səviyyəli platforma olacaq.
Forum dövlət qurumlarının, aparıcı qida və qeyri-qida pərakəndə ticarət şəbəkələrinin, yerli istehsalçı və təchizatçıların, maliyyə institutlarının, sahə assosiasiyalarının və beynəlxalq tərəfdaşların nümayəndələrini bir araya gətirəcək. Tədbirdə yerli və xarici rəhbərlərin, top menecerlərin və mütəxəssislərin iştirakı nəzərdə tutulur.
Forumun proqramına açılış sessiyası və üç panel daxildir: “Dövlət-biznes dialoqu”, “Beynəlxalq təcrübə” və “Pərakəndə ticarətin strateji əhəmiyyəti və mövcud çağırışları”.
Panel müzakirələri və çıxışlar zamanı vergi və gömrük məsələləri, rəqabət mühiti, qida təhlükəsizliyi, əmək münasibətləri, ödəniş sistemləri, bank komissiyaları, təchizat zəncirləri, yerli istehsalçıların satış kanallarına çıxışı, sektorun rentabelliyi və maliyyə dayanıqlılığı kimi məsələlər müzakirə olunacaq. Ədalətli rəqabət, bazar iştirakçıları üçün şəffaf və bərabər qaydaların tətbiqi, eləcə də normativ qərarların hazırlanması zamanı sektor nümayəndələri ilə məsləhətləşmələrin aparılması da diqqət mərkəzində olacaq.
Forumda pərakəndə ticarət yalnız satış fəaliyyəti kimi deyil, rəsmi məşğulluğu, vergi intizamını, qida təhlükəsizliyini, logistikanı, istehlakçı hüquqlarını və yerli istehsalçıların bazara çıxışını birləşdirən iqtisadi infrastruktur kimi nəzərdən keçiriləcək.
Beynəlxalq təcrübəyə həsr olunmuş paneldə Böyük Britaniya, Türkiyə, Yunanıstan, Yaponiya və Asiya-Sakit okean regionunun aparıcı pərakəndə təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Xarici tərəfdaşların çıxışlarında müasir pərakəndə ticarətin inkişaf modelləri, dövlət və biznes arasında əməkdaşlıq, sektorun tənzimlənməsi və beynəlxalq təcrübənin Azərbaycan şəraitinə uyğunlaşdırılması imkanları müzakirə ediləcək. Forum çərçivəsində panel müzakirələri, çıxışlar və işgüzar görüşlər keçiriləcək. Tədbir iştirakçılar arasında bilik və təcrübə mübadiləsinə, yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, Azərbaycan pərakəndə sektorunun inkişaf gündəliyinin formalaşdırılmasına və ölkənin beynəlxalq pərakəndə əməkdaşlıq xəritəsində mövqeyinin gücləndirilməsinə xidmət edəcək.
Tarix: 8 dekabr 2026-cı il
Məkan: Gülüstan Sarayı, Bakı, Azərbaycan
Ətraflı məlumat və qeydiyyat: www.irf.az