U-15 dünya çempionatı: Azərbaycan millisi Çili ilə qarşılaşacaq
Azərbaycan millisinin Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti rəqibi bəlli olub.
Operativ Media xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma oktyabrın 28-də Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.
Cütün qalibi növbəti raundda Belarus – Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.
C Liqasının digər cütləri:
11:30. Fransa – Trinidad və Tobaqo
11:30. Yaponiya – Mozambik
11:30. Benin – Kuba
11:30. Uqanda – Yəmən
11:30. Tunis – Namibiya
11:30. Nigeriya – Yeni Kaledoniya
11:30. İndoneziya – Moldova
11:30. Tailand – Əfqanıstan
11:30. Panama – Qazaxıstan
11:30. Honduras – Hindistan
12:45. Vyetnam – Ruanda
12:45. Macarıstan – Malavi
12:45. Lüksemburq – Liberiya
12:45. Şotlandiya – Nikaraqua
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.