Gənc şahmatçılar qrossmeysterlərdən ustad dərsləri alıblar
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Çempionlarla bir ay” layihəsi çərçivəsində 14, 16 və 18 yaş qruplarından olan perspektivli şahmatçılar üçün oktyabr ayı ərzində ustad dərsləri keçirilib.
Operativ Media Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 6 qrossmeysterin iştirakı ilə 7 ustad dərsi təşkil olunub. Tanınmış şahmatçılar Avropa çempionları Rauf Məmmədov, Eltac Səfərli, Azərbaycan çempionu Məhəmməd Muradlı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Azərbaycan çempionu Aydın Süleymanlı və Avropa çempionu Şəhriyar Məmmədyarovun ustad dərslərində gənc şahmatçılar debüt seçimi, tipik mövqe qiymətləndirilməsi, mərkəz uğrunda mübarizə və qərarvermə mərhələsində düzgün hesablama texnikası mövzularında biliklərini artırıblar. Həmçinin partiya təhlilləri aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Çempionlarla bir ay” layihəsi noyabr ayında da davam etdiriləcək.