Menyu

Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi canlıların yaşayış mühitinə necə təsir edir?

Ayşən Sadıxzadə
Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi canlıların yaşayış mühitinə necə təsir edir?
1 dəq oxu

Məlum olduğu kimi, dəniz səviyyəsinin dəyişməsi sahilboyu ərazilərdə müəyyən proseslərə səbəb olur. Xəzərin sahil hissələrində dayazlıqlar və qamışlıqlar yaranır. 

Bu sözləri Operativ Media-ya Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev danışıb. 

O bildirib ki, bu ərazilərdə geniş ekosistem formalaşır, müxtəlif bitki növləri və fauna inkişaf edir. Nəticədə balıqların qidalanmasına müsbət təsir göstərən əlverişli şərait yaranır. Balıqlar bu ekosistemdəki canlı aləmdən, istər fitoplanktondan, istərsə də zooplanktondan normal şəkildə qidalana bilirlər:

“Dənizin sahilboyu bitki örtüyü də böyük əhəmiyyət daşıyır. Müxtəlif yollarla, o cümlədən su və külək vasitəsilə bitki toxumları həmin ərazilərə gətirilir və burada inkişaf edir. Bəzi sahələrdə geniş qamışlıqlar yaranır. Balıqlar bu ərazilərdə formalaşan əlverişli mühitdən istifadə edir və qidalanmalarını təmin edə bilirlər.

Xəzərdə temperaturun və iqlim şəraitinin dəyişkənliyinə gəlincə, dənizin şimal və cənub hissələri arasında temperatur fərqləri mövcuddur. Şimal hissəsində daha soyuq şərait müşahidə olunduğu halda, cənub hissəsində temperatur nisbətən yüksək olur. Türkmənistan və Azərbaycan sahillərindəki şərait də müxtəlif ekosistemlərin formalaşmasına təsir göstərir. Nəticədə bu ərazilərdə çoxsaylı balıq növləri üçün əlverişli mühit yaranır.

Dayaz ərazilərdə bitki örtüyünün inkişafı da balıqların qidalanmasında mühüm rol oynayır. Bəzi sahələrdə qamışlıqlar yaranır və balıqlar bu bitki örtüyü ilə əlaqəli qida mənbələrindən istifadə edirlər. Buna görə də həmin ərazilərin vəziyyətini daim diqqətdə saxlamaq lazımdır.

Xəzər dənizinin Azərbaycan sahillərində, təxminən 8-25 kilometrədək uzanan sahilyanı ərazilərdə müxtəlif bitki və zoosistemlər formalaşır. Bu ekosistemlər balıqların qidalanması və qida ehtiyatlarının zənginləşməsi baxımından əvəzsiz əhəmiyyət daşıyır.

Bütün bunları nəzərə alaraq demək olar ki, balıqların qidalanmasında və qida rejiminin formalaşmasında sahilyanı ekosistemlərin, xüsusilə fitosistemlərin yaranması və qorunması böyük rol oynayır”.

Əlaqəli Xəbərlər